“Hazırda Azərbaycan və Böyük Britaniya arasında münasibətlər çox yüksək səviyyədədir”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddıq deyib.
Səfir Britaniyanın Azərbaycanda ən güclü xarici investor olduğunu bildirib: “Bizim əməkdaşlığımız enerji kimi strateji sektoru əhatə edir. Bizim həm də çox güclü siyasi əlaqələrimiz var və mən bundan qürur duyuram. Çalışıram ki, bu münasibətləri gələcəkdə daha da gücləndirək”.
Diplomat vurğulayıb ki, Azərbaycanı daha yaxından tanımaq üçün ölkə haqqında mümkün qədər çox məlumat toplamağa çalışır: “Hər bir səfirin vəzifəsidir ki, çalışdığı ölkədəki vəziyyəti anlasın və baş ofisinə dəqiq məlumatlar çatdırsın. Həm müxalifət, həm də hökumət mediasının təmsilçiləri ilə də görüşlər keçirirəm. Hesab etmirəm ki, vəzifəmi yerinə yetirdiyim üçün tənqid olunmalıyam”.