Azərbaycanın işğal olunmuş ərazilərə qanunsuz səfər edərək “Dövlət Sərhədi haqqında" qanununu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş “arzuolunmaz şəxslər” siyahısına daxil edilmiş Moldova Respublikasının vətəndaşı Konstantin Moskoviç adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikasının rəhbərliyinə yazılı şəkildə müraciət edib. XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin Lent.az-a veridyi məlumata görə, Konstantin Moskoviç ünvanlandığı məktubunda 2009-cu ildə festival çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyini, bu səfərin məqsədyönlü xarakter daşımadığını və ona görə dərin təəssüf hissi keçirdiyini qeyd edərək, Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar vətəndaş mövqeyinin Moldova Respublikasının rəsmi mövqeyi ilə üst-üstə düşdüyünü bildirib və bu məktubla Azərbaycan Respublikasının qanunlarını bir daha pozmayacağı barəsində öhdəlik götürərək, adının bu siyahıdan çıxarılmasını xahiş edib.
Bu şəxsin yazılı müraciətinə müvafiq qaydada baxılacaq.