Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Elxan Qəhrəman bu ölkənin xarici işlər üzrə dövlət naziri, doktor Ənvər Qarqaş ilə görüşüb. Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə iki dost və qardaş ölkə arasında mövcud əlaqələrin səviyyəsindən razılıq ifadə edilib, bu əlaqələrin bütün sahələrdə daha da inkişaf etdirilməsinin və bu məqsədlə qarşılıqlı səfərlərin zəruriliyi vurğulanıb.
E. Qəhrəman Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BƏƏ-nin dəstəyinin Azərbaycanda yüksək qiymətləndirildiyini diqqətə çatdıraraq bu dəstəyin davamlı xarakter daşıyacağına ümidini ifadə edib. O, işğal olunmuş ərazilərdə İslam mədəniyyətinə aid tarixi abidələrin ermənilər tərəfindən məhv edilməsinə dair kitabı həmsöhbətinə verib.
Səfir Ermənistanın Azərbaycanın əzəli torpaqları üzərində qurulduğunu vurğulayaraq “İrəvan Xanlığı” kitabının ingilis dilindəki bir nüsxəsini və erməni xalçaçılıq sənəti haqda uydurmaların ifşa edilməsi məqsədilə Azərbaycan xalçaçılıq məktəbinin İrəvan qoluna dair kitabları da həmsöhbətinə təqdim edib.
Ə. Qarqaş dolğun məlumatlara görə səfirə təşəkkürünü bildirərək Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirib.