Bu gün Nəqliyyat Nazirliyində Azərbaycan ilə İran arasında Beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın iclası keçirilib.
Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, müzakirələr zamanı iki ölkə arasında beynəlxalq avtomobil daşımalarına dair sazişin müddəalarına riayət olunmasının mövcud vəziyyəti, beynəlxalq sərnişin və yük daşımalarındakı problemlərin araşdırılması və həlli, həmçinin digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Tədbirdə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, “Azəryolservis” ASC-nin əməkdaşları, digər dövlət qurumlarının nümayəndələri, eləcə də İranın beynəlxalq nəqliyyat birlikləri və sərnişindaşıma şirkətlərinin təmsilçiləri də iştirak edib. İclasın sonunda Azərbaycanla İran arasında Beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın Protokolunun imzalanması nəzərdə tutulub.