Avropa Komissiyası Avropa Qonşuluq Siyasəti ölkələrində tərəqqiyə dair növbəti illik hesabat paketini qəbul edib.
APA-nın xəbərinə görə, Azərbaycanla bağlı hesabatda deyilir ki, 2013-cü il Avropa Birliyi ilə Azərbaycan arasındakı münasibətlərdə həlledici il olub. Belə ki, ötən il tərəflər arasında viza rejiminin sadələşdirilməsi və mobillik üzrə tərəfdaşlıq haqqında sazişlər imzalanıb.
Sənəddə enerji sahəsində əməkdaşlığın davam etdiyi bildirilir: “Azərbaycanla strateji enerji tərəfdaşlığı gücləndirilib. Avropanın enerji təhlükəsizliyini gücləndirəcək Cənub qaz dəhlizinin tikintisi ilə bağlı addımlar atılıb”.
Hesabatda qeyd olunur ki, demokratik idarəetmə və insan haqları sahəsində tərəqqi çox azdır. Seçki qanunvericiliyinin ATƏT DTİHB-nin tövsiyələrinə uyğunlaşdırılması, ifadə, toplaşma azadlığı, vətəndaş cəmiyyətinin hərtərəfli fəaliyyəti barədə tövsiyələr yerinə yetirilməyib, diffamasiya haqqında qanun qəbul olunmayıb.
Sənəddə Avropa Qonşuluq Siyasətinin fəaliyyət planının ardıcıl yerinə yetirilməsi üçün bir sıra tövsiyələr əksini tapıb. Onlar arasında seçki qanunvericiliyinin ATƏT DTİHB-nin tövsiyələrinə uyğunlaşdırılması və qarşıdakı bələdiyyə, parlament seçkilərinə qədər effektiv yerinə yetirilməsinin təmin olunması, məhkəmə sisteminin islahatının davam etdirilməsi, böhtanın dekriminallaşdırılması məqsədilə diffamasiya haqqında qanunun qəbulu, jurnalistlərin və falların təqib olunması, öldürülməsi hallarının araşdırılmasının sürətləndirilməsi, iqtisadiyyatın müxtəlifləşdirilməsi və regionların inkişafı istiqamətində siyasətin davam etdirilməsi və digər tövsiyələr var.