“Azərbaycan dövlətini dünyanın inkişaf etmiş dövlətləri sırasında görməyimə çox şad oldum. Bu sevinci mənə yaşadan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə, bu mövqeyi müdafiə edən hakimiyyət rəsmilərinə təşəkkür edirəm”.
Lent.az-ın xəbərinə görə, bunu “facebook” sosial şəbəkəsindəki səhifəsində hüquqşünas Aslan İsmayılov yazıb. Qeyd edək ki, martın 27-də BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul olunub. Krımı Rusiyaya birləşdirən referendumun əleyhinə BMT üzvü olan 58 ölkə bitərəf qalıb, 100 ölkə, o cümlədən Azərbaycan da əleyhinə, 11 ölkə - Ermənistan, Belarus, Boliviya, Kuba, Şimali Koreya, Nikaraqua, Sudan, Suriya, Venesuela və Zimbabve isə lehinə səs verib.
Hüquqşünas bu mövqeyinə görə, onu qınayanların da olduğunu bildirib: “Bu münasibətə görə məni qınayanlara isə deyirəm, əgər Azərbaycan yuxarıda sadaladığım 11 dövlətin sırasında olsa idi təşəkkür etdiyim şəxslərə nə edəcəkdiniz? Mənim üçün bu məsələdə fərdlər yox, Azərbaycan dövləti daha önəmlidir”.
A.İsmayılov ölkə rəhbərliyinə çağırış da edib: “Azərbaycan rəhbərlərindən dünyada yaranmış bu vəziyyətdən istifadə edib, ölkədə milli birlik yaratmalarını xahiş edirəm və bunu ürəkdən arzulayıram. Əmin edirəm ki, mən və mənim kimi minlərlə vətəndaş Sizin bu addımı atacağınız təqdirdə heç bir təmənna güdmədən, olub keçənlərə əlvida deyib bu yolda əllərindən gələn köməkliyi edəcəklər”.