Asim Mollazadə yenidən Demokratik İslahatlar Partiyasının sədri seçilib
15 iyun 2013 12:27 (UTC +04:00)

Asim Mollazadə yenidən Demokratik İslahatlar Partiyasının sədri seçilib

 

Bu gün Demokratik İslahatlar Partiyasının (DİP) IV qurultayı keçirilib. APA-nın məlumatına görə, qurultayda hesabatla çıxış edən DİP sədri Asim Mollazadə Azərbaycanın daxili və xarici siyasəti, partiyanın strateji hədəflərindən danışıb.

 

Partiya sədri bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəyə beynəlxalq təzyiqlər başlayıb və müəyyən qüvvələr Azərbaycanın müstəqilliyini qarşısını almağa cəhd göstəriblər: “Azərbaycan xalqının böyük faciələri torpaqlarımızın işğalı ilə başladı. Burada da məqsəd Azərbaycanı məhv etmək idi. Azərbaycana yönəlmiş bu təzyiqlərin əsas səbəbi ölkənin mədəniyyəti və dəyərləri ilə bağlı idi. Həmin dövrlərdə ölkənin gələcəyi şübhə altında olsa da, artıq bu gün Azərbaycan iqtisadiyyatı inkişaf edir”.

 

Azərbaycanda bir çox sahələrdə ciddi islahatlara ehtiyac olduğunu bildirən partiya sədri ölkədə mütəxəssis çatışmazlığını da qeyd edib: “Bu gün Azərbaycanın təhsil sistemində islahatlara ehtiyac var. Ölkənin müxtəlif sahələri üzrə mütəxəssis çatışmazlığı var. İqtisadiyyat sahəsində də mütəxəssislərimiz demək olar ki, azdır”.

 

A.Mollazadə vətəndaş cəmiyyəti təşkilatları, gənclərin dünya ölkələrinə inteqrasiyasından da danışıb. Onun sözlərinə görə, bu amil Avropa siyasi sistemini, qanunvericiliyi mənimsəməyə imkan verəcək.

 

O qeyd edib ki, partiya hər zaman hər zaman mədəniyyət amilini önə çəkib ki, buraya idarəetmə mədəniyyəti, siyasi mədəniyyət daxildir: “Bu gün Azərbaycan öz dəyərlərini dünyaya nümayiş etdirərək özünə tərəfdaş qazanır və eyni zamanda özünün unikal bir xalq olduğunu dünyaya sübut edərək ölkəyə olan baxışı müsbət formalaşdırır”.

 

A.Mollazadə Azərbaycan-Ermənistan problemindən də danışıb. O qeyd edib ki, hazırda  danışıqlar prosesi tam pozulub. A.Mollazadənin fikrincə, problem yalnız sülh yolu ilə həll oluna bilər: “Bu gün ermənilər danışıqlar prosesindən imtina edir. Onlar “sahibləri”nin istədikləri kimi hərəkət edirlər. Təəssüflər olsun ki, bu təcavüz bəzi dövlətlər tərəfindən dəstəklənir. Ermənilərin himayədarlarını nəzərə alaraq, düşünürəm ki, problem sülh yolu ilə həll olunmalıdır”.

 

A.Mollazadə bildirib ki, partiyanın əsas məqsədlərindən biri də istedadlı gənclərimizin önə çəkilməsi, onların idarəetmə sahəsində rolunu artırmaqdır: “Çünki Azərbaycan gəncliyi ölkənin çağdaş müasir və güclü dövlətə çevrilməsində böyük rol oynayacaq”.

 

Sonra partiyanın Mərkəzi Təftiş Komissiyasının hesabatı dinlənilərək komissiyanın üzvləri seçilib. Asim Mollazadə partiya sədrliyinə növbəti dəfə namizəd olub və yenidən partiyanın sədri seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 881
avatar

Oxşar yazılar