“Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi Suriyadakı münaqişənin sülh yolu ilə həll edilməsində maraqlı olduğunu və bu prosesə dəstək verməyə hazır olduğunu bəyan edib”.
APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
A. Əzimov bildirib ki, Suriyadakı döyüşlərdə ayrı-ayrı Azərbaycan vətəndaşlarının iştirakı ölkəyə və Azərbaycanın Suriya ilə münasibətlərinə kölgə sala bilməz: “Bu şəxslər qeyri-qanuni yolla Suriyaya gedib orada hansısa fəaliyyətlə məşğul olurlar. Kimsə həlak olursa, əlbəttə ki, bu, xoşagələn hal deyil. Bunun arxasında həm insanın şəxsi düşüncəsi, həm də konkret maddi maraq dayana bilər. Bildiyiniz kimi, bu cür insanlara adətən muzd verirlər. Buna geniş miqyaslı proses kimi baxılmamalıdır. Lakin əlbəttə ki, kədərləndirici bir haldır”.