ABŞ Milli Müdafiə Universitetinin Kollecində ölkəmizlə bağlı görüş keçirilib 
07 fevral 2014 21:33 (UTC +04:00)

ABŞ Milli Müdafiə Universitetinin Kollecində ölkəmizlə bağlı görüş keçirilib 

Fevralın 6-da ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ Milli Müdafiə Universitetinin Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə Kollecində professor-müəllim heyəti və tələbələrlə görüş keçirib.


 

Səfirlikdən Lent.az-a verilən məlumata görə, görüş zamanı səfir iki dövlət arasında münasibətlərin strateji xarakter daşıdığını bildirərək, ölkəmizin ABŞ-la terrorçuluğun qarşısının alınması, enerji layihələri sahəsində ortaq maraqlardan çıxış etdiyini və tərəflər arasında etibarlı tərəfdaşlıq əlaqələrinin formalaşdığını qeyd edib.

 

Regional enerji və infrastruktur layihələrindən bəhs edən diplomat bu layihələrin regionun ümumi inkişafına töhfə verəcəyini qeyd edib.

 

Bununla yanaşı, Azərbaycandakı tolerantlıq mühiti və ölkəmizin sivilizasiyalarası və mədəniyyətlərarası dialoqa töhfələri barədə məlumatlar görüş iştirakçılarının diqqətinə çatdırılıb.  Səfir sivilizasiyaların kəsişməsində yerləşən ölkəmizin Prezident cənab İlham Əliyevin uzaqgörən xarici siyasəti sayəsində bundan sonra da dünyada sülh və təhlükəsizliyin təmin edilməsi, habelə qarşılıqlı anlaşma və əmin-amanlığın bərqərar edilməsində töhfələrini davam etdirəcəyini bildirib.

 

Sonra diplomat Ermənistan-Azərbaycan münaqişəsi barədə iştirakçılara ətraflı məlumat verərək qeyd edib ki, ABŞ-ın da həmsədrlərindən biri olduğu Minsk qrupu prosesi çərçivəsində münaqişənin ədalətli həllinin tapılması, Azərbaycan və erməni xalqının ümumi rifahına xidmət edəcək və regional inkişaf üçün yeni perspektivlər açacaqdır. Görüş zamanı həmçinin regiondakı təhlükəsizlik məsələləri, o cümlədən dəniz təhlükəsizliyi barədə fikir mübadiləsi aparılıb. 

           

Mənbə xatırladıb ki,  Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə Kollec ABŞ Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli Müdafiə Universitetinin əsas təhsil müəssisələrindən biri hesab olunur. 2002-ci ildən fəaliyyət göstərən bu mötəbər təhsil müəssisəsi yüksək səviyyəli qərargah və komanda vəzifələri üçün təhlükəsizlik və strateji planlaşdırma məsələləri üzrə mütəxəssislər hazırlayır. İndiyədək dünyanın 85-dən çox dövlətindən mütəxəssislər qeyd olunan təhsil müəssisəsində təhsil alıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 345
avatar

Oxşar yazılar