Millət vəkili Qənirə Paşayeva Milli Məclisin fevralın 14-də keçirilən növbəti plenar iclasında çıxışı zamanı tikilən yeni yaşayış binalarında qaz problemi məsələsini qaldırıb: “Ötən iclasda da yeni tikilən göydələnlərlə bağlı məsələlər qaldırıldı və qeyd edim ki, vətəndaşlar tərəfindən bizə bu yöndə çoxlu sayda müraciətlər daxil olur. Həmin vətəndaşlar parlamentə müraciət edərək xahiş ediblər ki, yeni tikilən binalara qaz verilsin. Deputat qeyd edib ki, qazın verilməməsi orada yaşayan insanların günahı deyil: “Onlar da bildirib ki, binaya köçmək üçün binanı tökən şirkətlər onlara icazə verib, ona görə də onlar orada yaşayırlar. Həmin binalarada su, elektrik enerjisi olsa da, qaz verilmir. İnsanlar onu da qeyd edirlər ki, mənzillərin qızdırılmasında ciddi əziyyət çəkirlər. Bu da onların büdcələri üçün də böyük problem yaradır. Odur ki, biz müvafiq dövlət qurumlarını dəvət edib bu problemi araşdırmalıyıq. İnsanların mavi yanacaqla bağlı problemi həllini tapması vacibdir”. Deputatın sözlərinə görə, bu məsələdə tikinti şirkətləri məsuliyyət daşıyırlar. Deputat təklif edib ki, bu sahəyə sərt və ciddi yanaşılmalıdır: “Bu binaları tikən insanlar oranı dövlət komissiyasına təhvil vermədən vətəndaşların istifadəsinə necə verirlər? Şirkətlər ciddi məsuliyyət daşımalıdır. “Onlar bir binanı təhvil verilmədən ikinci binanı tikirlər. Hesab edirəm ki, parlament yeni binalara qaz verilməsi məsələsini həll etmək üçün əlindən gələn dəstəyi göstərəcək”. Hesab edirəm ki, bu problemlər həll olunmalıdır”.
Spiker Oqtay Əsədov isə deyib ki, bu problemlə maraqlanıb: “Həmin binaların 70%-də tüstü bacaları yoxdur. Həmin binalara qazı verək, qəfildən parltlayış baş versə, buna kim cavab verəcək? Bundan başqa həmin binalara qaz verilməsi üçün binanın 70% dolması lazımdır. Əsas məsələ həmin binalarda tüstü bacaların olmasıdır. O.Əsədov onu da əlavə edib ki, əgər binalar təhvil verilməyibsə, əhali oraya köçməməlidir.
ARDNŞ-nin prezidenti, millət vəkili Rövnəq Abdullayev də problem haqqında danışıb: “Bakıda ciddi inkişaf gedir, yüksəkmərtəbəli binalar tikilir. Amma layihələrdə olan problemə görə, bu binalar dövlət komissiyasına təhvil verə bilmirlər. Şirkətlər buna baxmayaraq mənzilləri satırlar. Su və işığın təhlükəsizlik baxımından o qədər təhlükəsi yoxdur. ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi neçə illərdir qeyd edir ki, bu binalar dövlət komissiyasına təhvil verilibsə, orada qısa müddətdə qaz çəkilə bilər. Hansı binalar təhlükəsizlik baxımından normal deyilsə, bura qaz vermək mümkün deyil”.