Paris Azərbaycan Evi Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində yerli ictimaiyyəti faciə haqqında məlumatlandırmaq və beynəlxalq aləmi hadisəyə ədalətli hüquqi qiymət verməyə çağırmaq məqsədilə Fransa paytaxtında aksiya keçirib.
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Parisin mərkəzində - Mars çöllərindəki Joffre meydanında təşkil olunmuş mitinq Xocalı qurbanlarının ruhunun bir dəqiqəlik sükutla anılması ilə başlayıb və 2 saat davam edib.
Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva aksiyada çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı törətdiyi qətliam haqqında məlumat verib.
Mitinqdə çıxış edən Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov 20-ci əsrin ən dəhşətli qətliamlarından biri - Xocalı soyqırımına, eləcə də, BMT qətnamələrinin yerinə yetirilməməsinə, Azərbaycan torpaqlarının hələ də işğal altında olmasına beynəlxalq aləmin biganə qalmasını təəssüflə qeyd edib və Fransa ictimaiyyətini bu faciəni azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı kimi qəbul etməyə çağırıb.
1992-ci ildə Fransanın Azərbaycandakı ilk səfiri olmuş Jean Perrin də həmin hadisələrin şahidi kimi aksiyaya qatılaraq acı xatirələrini bölüşüb. O, 1992-ci ildə Xocalı faciəsi zamanı yaralanmış sakinləri ziyarət etdiyini və dəhşətli səhnələri hələ də unuda bilmədiyini deyərək belə bir cinayəti törədənlərin indiyəcən cəzasız qalmasına təəccübünü gizlətməyib. Fransız diplomat əlavə edib ki, həmin hadisələrdən 22 il keçməsinə baxmayaraq günahkarların cəzalandırılması üçün heç də gec deyil.
Aksiya çərçivəsində Xocalı faciəsinin əks etdirən “Xocalı uşaqların gözü ilə” adlı fotosərgi də təşkil olunub, soyqırımı haqqında məlumatlar olan broşürlər, Heydər Əliyev Fondu tərəfindən çap olunmuş kitablar yerli sakinlərə və qonaqlara paylanıb, onlara soyqırımı haqqında videomateriallar da verilib.
Azərbaycan, Türkiyə, Fransa bayraqlarının dalğalandırıldığı aksiyada Azərbaycan Səfirliyinin, Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin təmsilçiləri, Azərbaycan diasporunun və türk icmasının fəalları, Azərbaycanın dostu olan fransızlar iştirak edib.