Avqustun 15-də Qəbələdəki prezident iqamətgahında prezident İlham Əliyev ölkəmizdə səfərdə olan Türkiyə prezidenti Abdullah Güllə görüşüb.
APA-nın məlumatına görə, görüşdə Qəbələdə keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının əhəmiyyətindən danışılıb. Bu tədbirin dost və qardaş ölkələr olan türkdilli dövlətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığına töhfə verəcəyi bildirilib.
Prezidentlər Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyətin müzakirə edildiyi görüşdə bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.