“Xocalıda soyqırım törədənlər Haaqa məhkəməsində mühakimə olunmalıdır” - <span style="color:red;">YENİLƏNİB
21 fevral 2014 16:14 (UTC +04:00)

“Xocalıda soyqırım törədənlər Haaqa məhkəməsində mühakimə olunmalıdır” - YENİLƏNİB

Bakının Qaradağ rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə “Xocalıya ədalət” kampaniyası: siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik” adlı II beynəlxalq konfrans başlayıb.


 

APA-nın məlumatına görə, paytaxtın Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon İH başçısı Süleyman Mikayılov, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Moldova ombudsmanı Aureliya Qriqoriu, Azərbaycanda akkreditə olunmuş səfirlər, YAP funksionerləri, Milli Məclisin deputatları iştirak ediblər.

 

Əvvəlcə qonaqlar Xocalı soyqırımı ilə bağlı yaradılan sərgi ilə tanış olublar. Daha sonra soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və soyqırım barədə sənədli film nümayiş etdirilib.

 

Konfransın açılışından sonra çıxış edən Prezidenti Administrasiyasının şöbə müdiri Əli Həsənov Xocalı soyqırımı barədə iştirakçılara məlumat verib, soyqırımı törədənlərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb. Ə. Həsənov çıxışında 1988-ci ilin fevralında baş verən Sumqayıt hadisələrinə də toxunub. O deyib ki, bir neçə il əvvəl Ermənistan prezidenti Serj Sarkisyan Avropa Parlamentində çıxış edərkən Xocalı hadisəsinin qisas məqsədilə törədildiyini söyləyib: “Bilirsiniz ki, 1988-ci ilin fevralında erməni xüsusi xidmət orqanları və ayrı-ayrı qrupların təşkilatçılığı ilə o zamankı SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin bu məsələyə göz yumması nəticəsində Sumqayıtda təxribat törədilib. Sonradan təhqiqat aparılanda müəyyən olunub ki, həmin hadisələri törədən Qriqoryan qardaşları və onlara qoşulmuş Ermənistan SSR DTK-nin nümayəndələri Sumqayıtda 26 erməni və 6 azərbaycanlı sakini qətlə yetiriblər. O da məlum olub ki, qətlə yetirilən ermənilər o zaman yaradılmaqda olan və separatçı təşkilata çevrilən “Krunk” təşkilatına yardım göstərməyən ermənilər idi. Bu hadisəni törətməklə ermənilərə işləyən o zamankı xüsusi xidmət orqanları iki məqsəd qarşıya qoyublar: Bir tərəfdən, ermənilərin formallaşdırdığı terrorçu təşkilatlara kütləvi dəstək vermək, ikinci tərəfdən isə təxribat törətməklə bundan sonrakı Azərbaycan-Ermənistan qarşıdurmasını stimullaşdırmaq, antiazərbaycan fəaliyyətinə rəvac vermək”.

 

Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov çıxışında bildirib ki, Xocalı soyqırımı dünyanın ən dəhşətli faciələrindən biridir. Onun sözlərinə görə, keçmiş Sovet İttifaqına daxil olan 15 ölkə arasında müstəqillik qazandığına görə ən böyük faciəni Azərbaycan dövləti yaşayıb.

 

Sonra çıxış edən Moldova ombudsmanı Aureliya Qriqoriu bəyan edib ki, insanlığa qarşı cinayət olan Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət verilməlidir. O hesab edir ki, XX əsrin ən ağır cinayətlərindən olan Xocalı soyqırımını törədənlər beynəlxalq Haaqa məhkəməsi qarşısında mühakimə olunmalıdır: “Hüquq müdafiəçisi kimi deyə bilərəm ki, insanlığa qarşı faciənin arxasında heç bir səbəb dayanmır. Bütün beynəlxalq sənədlərdə insanların kütləvi şəkildə qətlə yetirilməsi ən ağır cinayət hesab edilir. Bilirsiniz ki, Rusiyanın və ya Ermənistanın məhkəmələri öz sərhədləri çərçivəsində bu cinayəti törədənləri izləyib tapmayacaq. Odur ki, beynəlxalq aləm bu soyqırıma hüququ qiymət verməlidir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632
avatar

Oxşar yazılar