“Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü çox məhsuldar keçdi. Danışıqlarda, xüsusilə də bu ilin payızında keçiriləcək Həştərxan sammiti ilə əlaqədar, çox böyük irəliləyişlər oldu”. APA-nın Moskva müxbirinin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Nazir müavini bildirib ki, Həştərxan sammitinin yekun sənədinin bir sıra prinsipial məqamları üzrə ümumi razılaşma əldə olunub: “Bəzi məsələlər isə yenə də razılaşdırılmamış qaldı. Ekspertlər bu məsələlərin həlli istiqamətində işlərini davam etdirəcəklər. Həştərxan sammitinin payızda keçirilməsi nəzərdə tutulur. Sammitə qədər işçi qrupu fəaliyyətini davam etdirəcək. İki görüşün keçirilməsi nəzərdə tutulub. Bu görüşlər Tehranda və Həştərxanda keçiriləcək. Ümid var ki, bu görüşlərdə gündəlikdə duran məsələlərlə bağlı razılaşdırılmalar başa çatdırılacaq. Burada söhbət sammitin yekun nəticələri barədə dövlət başçıları tərəfindən qəbul olunacaq sənəddən gedir. Hidrometeorologiya sahəsi üzrə saziş layihəsi, nərə balıqlarının ovlanmasına moratorium qoyulması, fövqəladə halların aradan qaldırılmasına dair hökumətlərarası sazişin razılaşdırılması gündəlikdə qalmaqdadır. Sammitə qədər ekspertlər gərək bu işləri yekunlaşdırsınlar”.
X. Xələfovun sözlərinə görə, Həştərxan sammitində imzalanacaq yekun sənədin müddəalarının əksər hissəsi razılaşdırılıb, qalan məsələlər üzrə ekspertlər müzakirələri davam etdirəcəklər.