“Müsavat Partiyasının Milli Şuradan ayrılması, siyasi kursunun dəyişməsi anlamına gəlir. Artıq Müsavat öz seçimini etdi, partiya rəhbərliyi şəxsi, korporativ maraqlarına görə, siyasi kursunu dəyişmiş oldu. Bu halda təbii ki, artıq müttəfiqlik münasibətlərindən, ümumiyyətlə əməkdaşlıqdan danışmaq mümkün deyil”.
Bunu APA-ya açıqlamasında Milli Şuranın üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı deyib.
Onun sözlərinə görə, Müsavat Partiyasında belə qəbul edirlər ki, Əli Kərimli ilə birlikdə radikal mövqedən çıxış edərək hakimiyyətə gəlmək mümkün deyil: “Yəni, bununla Müsavat Partiyası anons verir ki, artıq Müsavat “konstruktiv” müxalifətçilik yoluna daxil olub, siyasi kursunda ciddi dəyişiklik edib”.
İctimai Palata tərkibində əməkdaşlığa gəlincə, F. Qəhrəmanlı deyib ki, qurum artıq çoxdan öz ömrünü başa vurub: “İctimai Palata faktiki olaraq mövcud deyil, strukturları fəaliyyət göstərmir və missiyasını başa çatdırıb. Buna görə də, İctimai Palata daxilində də hər hansı əməkdaşlıqdan danışmaq mümkün deyil”.