“Çevriliş ədəbiyyatı”nın tərcüməçisi danışdı: “8 il əvvəl bir kitab tərcümə etmişəm...” - MÜSAHİBƏ
03 aprel 2013 14:28 (UTC +04:00)

“Çevriliş ədəbiyyatı”nın tərcüməçisi danışdı: “8 il əvvəl bir kitab tərcümə etmişəm...” - MÜSAHİBƏ

AXCP sədrinin müavini Razi Nurullayev ABŞ-ın Albert Eynşteyn İnstitutunun hazırladığı "Diktaturadan demokratiyaya keçid" və “Qeyri-zorakı yolla dəyişikliyin 198 metodu” adlı vəsaitin təbliğ olunması ilə bağlı materialda adının hallanması barədə “Qafqazinfo”ya müsahibə verib:

- ABŞ-ın Albert Eynşteyn İnstitutunun hazırladığı "Diktaturadan demokratiyaya keçid" və “Qeyri-zorakı yolla dəyişikliyin 198 metodu” adlı vəsaitin təbliğ olunması ilə bağlı mətbuatda məlumat yayılıb. Sizin də adınız həmin materialda hallanır. Buna münasibətiniz necədir?
 

- Mənim adımın hallandırılmasını başa düşə bilmədim. Bunun arxasında kiminsə qərəzini və qisasçılığını görürəm. 8 il bundan əvvəl mən bir kitab tərcümə etmişəm və onunla bağlı müəyyyən fikirlər söyləmişəm. “Yox” hərəkatı yaradılıb. 5-6 ay ərzində mövcud olub. 8 il bundan əvvəl baş verən hadisəni bu gün yeni bir məlumat kimi qələmə vermək ortada olan qərəzin və nəyəsə qulluq göstərməyin konturlarını göstərməkdədir.

- Sizcə indiki məqamda bunun ortalığa atılması nədən xəbər verir?
 

- Ola bilsin ki, dinc mübarizə ilə bağlı çoxlu araşdırmalar, müsahibələr gedir, gənclər təşkilatları dinc mübarizə ilə bağlı müəyyən metodikalar irəli sürür. Dinc mübarizə ilə bağlı hər hansı axtarış olanda mənim də adım ortalığa çıxır. Çünki 2003-2005-ci ilə qədər mən dinc mübarizə metodlarının öyrənilməsi ilə məşğul olmuşam. Bunu öyrənməkdə məqsəd ondan ibarət idi ki, həmin strategiyaların, xüsusilə Ermənistan Azərbaycan müharibəsini götürərək Qarabağın azad olunmasında hansı konseptual faktların olduğunu yazıb ortaya qoymuşdum. Çünki həmin o kitabın əsasında da bir ölkənin digər işğalçı ölkəyə qarşı mübarizəsindən bəhs olunur. O kitablar insanları zorakılıqdan kənar durmağa sövq edir. Mən həmişə zorakılığın əleyhinə olmuşam.

- “Diktaturadan demokratiyaya doğru” vəsaitinin “Dinc mübarizə metodları” bölümündə bir sıra üsullar sadalanır. Məsələn məmurların daban-dabana izlənməsi, onların ələ alınması, əsgərlərlə qardaşlaşma və.s Bu metodlardan vaxtilə hərakat istifa edibmi?
 

- Qeyd etdiyim kimi hərəkat 5-6 ay ərzində mövcud olub. Həmin müddət ərzində də təşkilatlanma prosesi gedirdi. Siz təsəvvür edin ki, Azərbaycanda hansı məmuru daban-dabana izləmək olar. Bu mümkündürmü? Əsgərlərlə qardaşlaşmaq lazımdır. Bu yenə də bir dövlətin digər işğalçı dövlətdən canını qurtarması dinc mübarizə metodikasında istifadə olunan metoddur. Hər hansı işğalçı dövlət digər ölkəni işğal edib o zaman həmin dövlətin əsgərləri ilə qardaşlaşırsa və.s dinc mübarizəni aparır. Yəni bunlar mahiyyətcə Azərbaycanda hansı əsgərlərlə qardaşlaşacaqlar? Bu gün Azərbaycan əsgəri mitinqlərin dağıdılmasındamı iştirak edir? Siyasi partiya üzvlüyündəmi təmsil olunur ? Bu da mümkün bir məsələyə deyil. Orada qeyd olunan metodlar özü gülməlidir. Bu da sifarişçilərin özlərini də gülməli vəziyyətdə qoyur.

- Həmin tərcümə etdiyiniz vəsait kimlər üçün nəzərdə tutulmuşdu?
 

- Bu, geniş oxucu üçün kütləsi üçün nəzərdə tutulub. Amma əlbəttə, bunu başıçıxan insanlar, akademiklər, siyasi partiya funksionerləri, hökumət, parlament nümayəndələri də oxumalıdır. Bu, sırf olaraq təhsil almış insanlar üçündür.

- Hərəkatın qısa müddət ərzində fəaliyyət göstərməsinin səbəbi nə idi. Yəni o dövrdə indi qeyd olunan məsələ haqqında məlumat verilmişdi sizə?
 

- “Yox” hərəkatı yaradanda siyasi partiyalarda fəaliyyət göstərməyən insanların hərəkata qoşulmasını istəyirdik. Cin Şarp özünün yazdığı kitablarda da “korrupsiya və ədalətsizliyə yox de” kampaniyası aparırdı. Amma sonradan mən belə düşündüm ki, daha çox insanlar bura cəlb olunarsa və burada demokratik bir mühit yaranarsa, onu daha yaxşı idara etmək olar. Əfsuslar olsun ki, mənim gözləntilərimin əksi oldu. Mən ciddi səhvlərə yol verdim. Ora daxil olan siyasi partiya təmsilçiləri demək olar ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri idi. Hər kəs onu öz partiyasına yönəltməyə çalışdı. Məqsəddən uzaqlaşmağa başlayanda hərəkatın dağıdılmasına qərar verdik. 2005-ci ildə yarandı, elə həmin ildə də yox oldu.

- Albert Eynşteyn İnstitunun NDİ Və NED tərəfindən maliyyələşdirilidiyi qeyd olunur. Bu yəqin ki son günlər NDİ- Azərbaycanda fəaliyətini məhdudlaşdırmaq üçün gündəmə gələn məsələ ola bilərmi?
 

- Bu işdə mənim də adımın hallandırılmasını bununla əlaqələndirirəm. Bu müəyyən faktların gücləndirilməsi, onlara qarşı təzyiqlərin artması üçün istifadə oluna bilər. Albert Eynşteyn Vaşinqtonda yerləşən və cəmi 3-4 nəfər işçisi olan bir institutdur. Bu institutu isə öz şəxsi hesabına Cin Şarp yaradıb. Cin Şarp isə akademikdir. Dinc mübarizə nəzəriyyəsinin banisi hesab olunur. O əsas mübarizəsinin Mahatma Qandinin apardığı mübarizənin əsasında yaradıb. Qandi də ingilis müstəmləkəçilərinə qarşı mübarizə aparırdı. Kitabın qayəsində də dayanan müstəmləkəçi dövlətlərə qarşı aparılan mübarizədir. Daha çox onun nəzəriyyəsi sonralar lokal səviyyədə siyasi dairələri də əhatə edib. Onunla şəxsi tanışlığım yoxdur. Onların güclü səhifələri də yoxdur. Mənə elə gəlir ki, onların heç ciddi fondu da olmayıb. Maliyyələşmə məsələsini isə mən hardan bilə bilərəm? Mən Cin Şarpla 2005-ci ildə kiçik bir əlaqəm olub. Bu qədər.

- "Wikileaks"-in sənədlərində də bu institutun imkanlarından istifadə edilərək ayrı-ayrı ölkələrdə inqilab edilməsi vurğulanır. Bunu necə qiymətləndirisiniz?
 

- Hesab etmirəm ki, Amerika və ya başqa dövlətlər hansısa ölkələrdə inqilablar edə bilər. Sadəcə, onların adının bəzən hansısa bir ölkədə inqilab etməkdə hallandırılması onun super gücə çevrilməsinə səbəb olur. Onun haqqında əfsanələr qoşulur. Başqa ölkələrdə inqilab etdiyi vurğulanır. Mən heç vaxt belə şeylərə inanmamışam. Konkret bir cəmiyyətdə narazılıq olur. İnsanlar həmin narazılıqdan cana doyaraq hüquqlarını tələb etməyə çalışırlar. Hər hansı dövlətin maraqlarına uyğun olaraq həmin narazılıqları yönəltmək cəhdləri ola bilər. Bu, təbii bir prosesdir. Amma xüsusilə 20-30 illər ərzində başqa dövlətlərdə inqilab hazırlamaq bir xülyadır. Azərbaycanla bağlı İran, Rusiya kimi ölkələrdən təhlükə ola bilər. Amma Amerika kimi uzaq bir dövlətin Azərbaycanda inqilab etmək məsələlərinə mən o qədər inanmıram.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 724
avatar

Oxşar yazılar