“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti”  sindromu
26 iyul 2024 15:12 (UTC +04:00)

“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu

Son günlər biz cəmiyyət olaraq tərbiyə, nəzakət, ədəb çatışmazlığı sindromu yaşayırıq. Biz deyəndə konkret olaraq səni nəzərdə tutmuram. Bunu oxuyan birinin “tərbiyəsiz özünsən” kimi qeyri-iradi səsləndirdiyi fısıltıları duyuram. Amma o “biz”in içində inan ki, ən yaxınından bir neçə nəfər var, hətta özünə də bir yenidən baxsan pis olmazdı...

Bu günlərdə qarşıma orta yaşlı əli zənbillərlə dolu bir xanım çıxdı. Geri çəkilib ona daha rahat keçməsi üçün şərait yaratdım. Xanımın baxışlarından sezilirdi ki, o bu jest üçün çox minnətdardır. Gözləri ilə “məmnunam” mesajını ötürsə də bunu dilləndirməyə cəsarət etmədi. Üst-başından müasir birinə oxşayan xanım “təşəkkür edirəm” deməkdən utanırdı sanki.

Bu həyatımızda yaşadığımız gündəlik hallardan biridir. Adi etiket qaydalarında belə əksəriyyətimiz zorlanırıq. Bunun səbəbi isə verilən tərbiyədədir təbii ki... Hansı ki, hələ körpəlikdən insanlara bu etiket qaydaları rahatca aşılanmalıdır. Bunun əvəzinə isə bəzi sərt xarakterli atalar uşağa “durub səni baltalayaram”, “başını kəsərəm”  və s. deyir. Hesab edir ki, bu da tərbiyənin bir növüdür, onu qorxudub daha ədəbli edə bilər. Amma atanın yalnız söz olaraq dediyi o balta, bıçaq uşağın şüuraltına yazılır. Psixoloji gərginlik yaranan kimi ətrafda balta və ya bıçaq varsa əl avtomatik ona uzanır. Həmin uşağın mehribançılığı və səmimiyyəti də “balta nəzakəti”ndən uzağa gedə bilmir. Yəni balta nə qədər yerində sakitdirsə, uzaqdan heç də pis görünmür, amma onu hansısa bir emosianal hisslər keçirənin əli alıb fırladılanda bu artıq təhlükədir.

Cəmiyyətimizdə “balta nəzakəti” sindromu çox yayılıb. Ona görə, tanımadığın insana təşəkkür etməyə belə çəkinirsən ki, səhv başa düşər. Hələ təşəkkür bir yana “bağışla” demək adamı lap qorxudur. Bir də görəcəksən “Məhəllə”dən biri çıxıb “bağışlanı da birtəhər deyirsən ey" söyləyib cumdu üstünə.

Demək “etiket qaydası”nın mənası lazım olduğu zaman yaxşı davrana bilməkdir. Belə məlum olur ki, bu bizə çox da lazım deyil. Yoxsa bəzi elit cəmiyyətlərdəki kimi, “təşəkkür edirəm əfəndim”, “o nə sözdür rica edirəm”, “əslində mən rica edirəm”, “Əstəfurullah rahatsız olmayın” kimi sözləri arda-arda qoşsan bu söhbət bitməz… Yəqin bizim camaatın bu etiketlərə ayıracaq zamanı yoxdur.

Etiket qaydalarından biri də və demək olar ki, ən əsası emosiyaları idarə etmək bacarığıdır. Bu həm kişi, həm də qadınlara aiddir. Kifayət qədər vacib məsələ olsa da bunda çoxlarımız zorlanırıq.

Məsələn, biri gəlib həyətində zibil görürsə, əlinə bir rəng fırçası alıb divara yazmadığını buraxmır. Söhbət ana-bacı söyüşünə kimi gedir. Təsəvvür edin ki, həmin anda biri çıxıb deyir ki, “bağışlayın o zibili bilməyərəkdən mən atmışam”. Buna kiminsə cəsarətinin çatacağına inanmaq çox çətindir. Çünki cəmiyyətdə “bağışla”, “üzr istəyirəm”, “bir daha olmaz” kimi sözlər o qədər az işlənir ki, insanlar sanki onu deməyi də, onu deyənə güzəşt etməyi də unudublar.

Kimə bu barədə danışırsan rahatca deyir ki, bunlar hamısı tərbiyə məsələdir. Xoşlamadığı hallarla rastlaşan kimi TƏRBİYƏSİZ deyib məsələni bitmiş hesab edir. Bu TƏRB niyə YİYƏSİZ qalıb? Buna kim yiyə çıxmalıdır axı?

Əslində tərb deyilən bir şey yoxdur, elə-belə dedim. Hə, “tərbi” deyən bir şey var o da dördləmə, iki misralı şeiri dörd misralı etmək deməkdir. Bunun da söhbətimizə dəxili yoxdur. Sadəcə demək istədiyim odur ki, bu “tərb” yiyəsiz qaldıqca istəyir Xalq artisti olsun, istəyir akademik qarşısına keçənə balta da fırladacaq, söyüş də. Bəs nə edək. Bu tərbiyə məsələsini haralara yazaq ki, insanlar oxusunlar və onu sözün həqiqi mənasında anlasınlar.

Onu da deyim ki, tərbiyəni divara yazmaqla da vermək olmur. Məsələn, bu gün rastlaşdığım və fotosunu çəkdiyim, bir haldan da danışmaq istəyirəm.

Divara yazıb ki, hər iki lifti çağırma, balkondan aşağı siqaret atma. Axı bunları normal insana deməyə nə ehtiyac var? Anlayan olsa bu həmin səmtdə yaşayanlar üçün bir hörmətsizlikdir. Bu da tərbiyə üsulu deyil vallah. Tərbimizə yiyəlik edək, qalanı düzələcək. Yəni rəhmətlik Davud (Məmmədsadıq Nuriyev) demiş “iş sosiska da deyil, adam gərək vnimatelni olsun”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11721
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar