“Çünki 20 il bundan əvvəl biz müstəqilliyimizin ilk illərində idik və hamımız o günləri yaxşı xatırlayırıq. O vaxt Azərbaycanın ümumi inkişafı sual atında idi. Azərbaycan demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi baş vermişdi, iqtisadi sahədə heç bir islahat aparılmırdı, sənaye tamamilə iflic vəziyyətinə düşmüşdü. O vaxt həm dünyada, həm ölkə daxilində Azərbaycanın gələcəyi ilə bağlı çox bədbin fikirlər var idi. Ancaq güclü iradə, islahatlar və xalqla iqtidar arasında olan birlik Azərbaycanı bu bəlalardan xilas etdi”, - deyə prezident vurğulayıb.
1993-cü ildə Azərbaycanın taleyinin həll olunduğunu deyən dövlət başçısı qeyd edib ki, Heydər Əliyevin qətiyyəti, cəsarəti, müdrikliyi və xalqın ona olan inamı Azərbaycanı bu bəlalardan qurtarıb: “Biz elə bir bölgədə yaşayırıq ki, ətrafımızda görürsünüz hansı problemlər cərəyan edir - toqquşmalar, qarşıdurmalar, müharibələr. Biz ölkəmizi güclü və müstəqil siyasətlə qorumalıyıq və qoruyuruq. Eyni zamanda, daxildə aparılan islahatlar istər siyasi sahədə, iqtisadi sahədə, sosial məsələlərin həllində ölkəmizi gücləndirir. Bu gün Azərbaycan tam şəkildə müstəqil siyasət aparır. Bu siyasətin arxasında Azərbaycan iqtidarının iradəsi və güclü iqtisadiyyat dayanır. Güclü iqtisadiyyatı isə biz yaratmışıq, Azərbaycan xalqı yaradıb”.