“İran Azərbaycana və azərbaycanlılara minnətdardır”
09 may 2013 04:00 (UTC +04:00)

 “İran Azərbaycana və azərbaycanlılara minnətdardır”

İranın ali rəhbəri ayətullah Xamneyinin müşaviri, ölkə prezidentliyinə namizəd Ələkbər Vilayəti mayın 7-də Təbrizə səfər edib.

 

APA-nın “Oyannews”a istinadən məlumatına görə, keçmiş xarici işlər naziri səfər çərçivəsində Sərasəri və Azad universitetlərində çıxış edib.

 

O, Sərasəri Universitetində çıxışı zamanı bildirib ki, İran öz bütövlüyünün qorunub saxlanmasına görə “Azərbaycan və azərbaycanlılara minnətdardır”.

 

Ə. Vilayəti prezident Mahmud Əhmədinejadın xarici siyasətini də tənqid edib: “Biz qonşu ölkələrlə yaxşı münasibətlər qurmalıyıq. Latın Amerikası ölkələri ilə əlaqələr qurmaq ölkəmizin xeyrinə deyil”.

 

İran prezidentliyinə namizəd Təbriz Azad Universitetində isə İran Konstitusiyasının 15-ci maddəsi ilə bağlı sualı cavablandırıb: “İran Konstitusiyasının 15-ci maddəsi təsəvvürə yeni bir şey gətirmir. Azərbaycan İranın başıdır və ana dilində yazıb-oxumaq heç bir şeyi dəyişməz”.

 

Qeyd edək ki, hər iki universitetdə tələbələrin əksəriyyəti Ə. Vilayətiyə sual verilməsinə şərait yaradılmamasına etiraz olaraq salonu tərk ediblər. Keçmiş nazir də görüşü yarımçıq başa vurmaq məcburiyyətində qalıb.

 

Mənbə bildirib ki, tələbələr əsasən İran-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan türklərinin ayrı-seçkiliyə məruz qalması və s. məsələlərlə bağlı suallar vermək istəyirmiş.

 

Xatırladaq ki, Ə. Vilayəti Tehran şəhərinin meri Məhəmmədbağır Qalibaf və İran parlamentinin sabiq spikeri Qulaməli Həddad Adilin birgə yaratdığı “2+1” seçki koalisiyasının üzvüdür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 849
avatar

Oxşar yazılar