Qəddafinin mayor rütbəsində general maaşı verdiyi azərbaycanlı müşaviri - FOTO
Sovetlər birliyi dövründə yüzlərlə azərbaycanlı dünyanın müxtəlif ölkələrində Kremlin siyasətinin yürüdülməsində yaxından iştirak edib. Dünyanın iki hakimindən biri olan bu böyük dövlətin Koreya, Vyetnam, Həbəşistan, Misir, Liviya, Yəmən, İraq, Anqola, Kuba və s. ölkələrdə həyata keçirdiyi siyasi, hərbi, təhlükəsizlik məqsədli fəaliyyətinin iştirakçısı olub.
Sovetlər birliyi dünyaya sosializm və kommunizm ixrac edirdi. Təbii ki, Afrikada, Asiyada qəbilə quruluşundan yeni çıxan bir sıra ölkələrdə bu məhsulu tətbiq edə biləcək qüvvələr də məhdud idi. Ona görə də SSRİ həmin ölkələrin marksistlərinə dəstək üçün öz təlimatçılarını da göndərirdi. Bəzən qəbilə dövlətlərində belə proseslər Moskvanın düşündüyü kimi getmir, SSRİ-nin ixrac etdiyi sosializm yerli şəraitə və xarici təsirlərə davam gətirməyərək iflasa uğrayırdı.
SSRİ sosialist coğrafiyasını əsasən Yaxın Şərq və Şimali Afrika regionunda genişləndirməyə çalışırdı və buna qismən nail ola bilmişdi. Misirdə Nasir inqilabı, Hafiz Əsədin Suriyada hakimiyyətə gəlməsi, Əlcəzairdə sosialistlərin iqtidarı ələ alması, Efiopiyada Mengüstü Hayle Mariam rejimi, İraqda BƏƏS-in hakimiyyəti ələ alması... Nəhayət Şimali Afrikanın uzun illər İtaliyaya və Fransaya dirənmiş Liviya ölkəsində ordunun bir polkovniki – Müəmmər Əbu Minyar əl-Qəddafinin kralı devirib ölkə hakimiyyətini ələ alması. Hakimiyyət çevrilişi edən bu gənc polkovnik böyük iddialara malik idi. O, bölgədə dəyişən siyasi və hərbi situasiya fonunda öz böyük iddialarını reallaşdırmaq üçün Moskvaya üz tutmuşdu. Eləcə də ABŞ-ın qulağı dibində at oynadan Fidel Kastronu özünün müəllimi hesab edirdi. Hakimiyyəti ələ alan Qəddafiyə Moskva da dərhal böyük qardaş əlini uzatdı. İlk gündən Liviyaya hərbi, siyasi və iqtisadi dəstəyini göstərən SSRİ polkovnikin böyük iddialarını dəstəkləmək və bu bədəvi zabitə yol göstərmək üçün özünün çoxsaylı təlimatçılarını da Liviyaya göndərdi. Sovetlər birliyinin köməyinə ərəb qonaqpərvərliyi ilə cavab verən Qəddafi sovetlərdən gələn təlimatçıları xüsusi hərbi şəhərcikdə yerləşdirib, onlara yüksək məvacib ayırmışdı.
Qeyd edək ki, Sovet təlimatçıları rotasiya əsasında Liviyada çalışıblar. 1990-cı ilədək bir qrupu digər qrup izləyib. Bu uzaq Liviya çöllərinə gedib çıxanlar arasında bir neçə azərbaycanlı da olub. Onlardan biri də 1983-1985-ci illərdə Liviyada çalışmış azərbaycanlı hərbi təlimatçı Arif Dadaşovdur.
Hərbi topoqrafiya təhsili almış Arif Dadaşov SSRİ-nin təhlükəsizlik strukturlarında çalışıb. Ərəb, amhar, fransız və alman dillərini mükəmməl bildiyinə görə o, hərbi təlimatçı kimi Afrika ölkələrində - Anqola, Həbəşistan və Əlcəzairdə çalışıb. Hazırda Rusiyada Anqola Müharibəsi Veteranları Cəmiyyətinin üzvü olan A. Dadaşov bu ölkədə hərbi əməliyyatlar zamanı kommunist partizanların hazırlanmasında yaxından iştirak edib.
Uzaq Liviya çöllərində
A. Dadaşov Liviyaya 1983-cü ildə hərbi təlimatçı kimi təyin olunub. O zaman rütbəsi mayor olan Dadaşovun əsas vəzifəsi Liviya ordusuna hərbi topoqrafların hazırlanması və eyni zamanda onların planları barədə Moskvanın mütəmadi məlumatlandırılması idi. Onun Tripoliyə gəlməsindən 1 həftə sonra Liviya qonşu Çad dövləti ilə müharibəyə başlayıb. Qəddafi Çadda hakimiyyət uğrunda mübarizə aparan müxalif qrupa dəstək verirdi. Tripoli Çaddın şimalında almaz və uran yataqlarının yerləşdiyi bölgəni ələ keçirmək niyyətində idi. Bu zaman Çad Fransa tərəfindən dəstəklənməkdəydi.
A. Dadaşov deyir ki, hərbi əməliyyatların başlanğıcında Liviya qoşunları nailiyyətlər əldə etsələr də az keçməmiş Fransadan hərbi dəstək alan Çad Silahlı Qüvvələri onları durdura bilib. Liviyalılar döyüşlərin birində pusquya düşərək 800-dən artıq canlı qüvvə və yüzdən artıq zirehli texnika itirir. Qüvvələr arasında kommunikasiyalar olmadığından Liviya ordusu panikaya düşərək qaçmağa başlayır. Bu döyüşdə sovet zabitlərindən biri şəxsən liviyalıların atıb qaçdığı tank əleyhinə idarəolunan raket buraxıcı qurğunun arxasına keçərək düşmənin bir döyüş maşınını məhv edir.
Bu zaman döyüş bölgəsinə ezam edilən A. Dadaşovun rəhbərlik etdiyi qrup Liviya ordusunun xəritələrini yenidən işləməklə artilleriyanın dəqiq atəşini təmin edir. Çad və fransızların birləşmiş qüvvələri ağır itkilərə uğradılır. Xəritə üzərində düşmən mövqelərinin koordinatlarını dəqiqliklə təmin edən sovet təlimatçılar Liviya aviasiyasına dəqiq həmlələr etməkdə yardımçı olur. Bununla da Liviya ordusu ikinci ağır məğlubiyyətdən xilas olur. Bir itkisiz geri çəkilməyə imkan verir. Dərhal müxtəlif cinahlardakı qüvvələr arasında rabitə yaradılır.
A. Dadaşovun başçılıq etdiyi sovet təlimatçılarının bu uğuru bölgəyə gələn polkovnik Qəddafinin diqqətindən yayınmır. Qəddafi onu və heyətdəki 3 təlimatçını qiymətli hədiyyə – üzəri qızılla işlənmiş tapança və pul mükafatı, həmçinin ordenlə təltif edir. Bir ay keçməmiş polkovnik Qəddafi özünəməxsus gözlənilməz addım atır. Onun Moskvaya müraciəti əsasında A. Dadaşov Qəddafinin müşaviri təyin olunur: “Tripolidə adətən mülki geyimdə gəzib dolaşırdıq. Qəddafi bizə çox etibar edirdi. Sərbəstliyimiz üçün hər bir şərait yaradılmışdı. Bildiyim qədər bizdən əvvəl bir dəfə ekstremist qüvvələr sovet zabitlərinin yaşadığı hərbi şəhərciyə qumbaraatandan atəş açmışdı. İki uşaq və bir qadın həlak olmuşdu. Qəddafi o terrorçuların hamısını yaxalatdırıb edam etdirmişdi. O sovet təlimatçılarına liviyalı zabitlərdən çox etibar etdiyini deyirdi. Hətta Qəddafinin şəxsi təyyarəsini və onu müşayiət edən qırıcıları sovet pilotlar idarə edirdilər. Onlara bunun müqabilində SSRİ-də çoxlarına yuxu kimi görünəcək məbləğdə maaş verilirdi. Məsələn, mənim mayor rütbəsində maaşım Sovet ordusunun generalının maaşı məbləğində idi. Bundan başqa, bizim ailələrimiz pulsuz ərzaqla təmin olunurdu”.
Adi və qeyri-adi polkovnik
M. Qəddafinin müşaviri vəzifəsinə təyinatdan sonra A. Dadaşovun əsas işi Liviya ordusu üçün kadrların hazırlanmasına nəzarət olub. O, sovet hərbi məktəblərinə göndəriləcək liviyalı zabitlərin seçimi ilə məşğul olub. Bu müddətdə o hər zaman polkovnikin diqqət mərkəzində qalı. Onun sözlərinə görə, M. Qəddafi ayda bir dəfə sovet müşavirlərinin iştirakı ilə, Liviya ordusunun rəhbərliyinin iştirakı olmadan qapalı müşavirələr keçirirmiş.
Keçmiş zabit deyir ki, Qəddafi heç də televiziyadan hər birimizin izlədiyi, qeyri-adi hərəkətləri ilə dünyanın diqqətini cəlb edən bədəvi hesab olunmamalıdır. O, heç də zəif insan deyil, məqsədlərinə çatmaq üçün ən yaxın insanlarını belə qurban verməyə hazır birisidir. Digər tərəfdən, Liviyanın müxtəlif bölgələrində yaşayan yerli qəbilələr var ki, onlar vaxtı ilə Qəddafi tərəfindən dəstəklənib. Həmin qəbilələr hər zaman Qəddafiyə sadiqlikləri ilə seçiliblər: “Qəddafi üzdən sadəlövh və bədəvi görünür. Əslində o, elə deyil. Bu insan hər şeyə diqqət yetirirdi. Bir faktı deyim: Qəddafi özü hərbi çevrilişlə hakimiyyətə gəlmişdi. Özünə qarşı hərbi çevriliş edilməsindən ehtiyatlandığı üçün ordu rəhbərliyində ikitirəlik yaratmışdı. Mənim düşüncəmə görə, Çad müharibəsində nailiyyətsizlik də məhz bununla bağlı idi. Müdafiə naziri və Baş Qərargah rəisi bir-birləri ilə yola getmirdi. Eləcə də Hava Qüvvələrinin komandanı Quru Qoşunlarının komandanı ilə. O, özü buna qəsdən şərait yaradırdı ki, fikir ayrılıqları səbəbindən hərbi çevriliş baş tutmasın. Onu da deyim ki, Qəddafi bu yolla neçə qəsdin üstünü də aça bilmişdi. Qəddafinin sovetlər birliyi və Kubaya böyük inamı vardı. Hər iki ölkə ona siyasi, hərbi və iqtisadi sahədə bütün dəstəkləri göstərirdilər. O, Çinə və Yuqoslaviyaya da dost münasibətlər göstərirdi. Təsəvvür edin, Qəddafi Moskvaya o qədər çox yaxın idi ki, bəzən heç rəsmi səfər belə hazırlatmadan, SSRİ-nin Tripolidəki səfirinin də xəbəri olmadan təyyarəsinə oturub Moskvaya “böyük qardaşların” yanına uçardı. O, ərəb yarımadası və Şimali Afrikanı əhatə edən sosialist ərəb ittifaqı adlı bir federasiya qurmaq üçün SSRİ-ni razı salmağa çalışırdı. Amma 1980-ci illərdə Qəddafinin Çinə meyilliliyi səbəbindən SSRİ bu layihəni reallaşmasında ona dəstək vermədi”.
Saraydan çadıra
Qəddafi dəbdəbəni və ünvanına təriflərin söylənməsini həddən artıq sevən şəxs olub. A. Dadaşov deyir ki, Qəddafinin hökumət müşavirələri əslində tarixdə oxuduğumuz şahların qəbulunu xatırladıb. Nazirlər Qəddafi gələndə baş əyir, müşavirələrdə yalnız onun apardığı siyasəti tərifləməli idilər. Heç bir hökumət rəsmisi onunla söhbətdə ölkədəki hansısa problemdən söhbət aça bilməzmiş. Polkovnikin “problem” sözünə sərt reaksiyası olduğundan hamı hər şeyi tərifləməyə çalışıb. Sadə insanlar isə polkovniki demək olar ki, nadir hallarda görə bilirmişlər.
A. Dadaşovun sözlərinə görə, Liviyanın bir neçə şəhərində Qəddafinin o zaman Ginnesin rekordlar Kitabına düşə biləcək sarayları olub. Onun Tripolidəki bir neçə sarayını bir biri ilə yeraltı yollar bağlayıb: “Adam sarayın içində az qalırdı ki, yolları dəyişik salsın. Çox böyük saraylar idi. Ciddi mühafizə olunurdu. O bütün mühafizə işlərinə həmin dövrdə qadınları cəlb etməyə başlamışdı. Bunun üçün kimsəsizlər evlərindən qızlar götürülür, xüsusi fiziki və psixoloji hazırlıq keçirdilər. Sonradan Qəddafi bütün mühafizəsini bu qızlara həvalə etmişdi. Saraylarında pilləkənlərin əl tutacaqlarından oturacaqlara qədər hər şey fil sümüyündən, bahalı materiallardan idi. O, eyni zamanda ətirdən də çox istifadə edirdi. Şəxsən mənə bir dəfə özü üçün hansısa Avropa ölkəsində xüsusi hazırlanmış ətir bağışlamışdı. Polkovnik ailədə bütün müsəlmanlar kimi rəftar edirdi. Onun həyat yoldaşı və qızını rəsmi tədbirlərdə belə kimsə görməzdi. Amma bütün ərəb kişiləri kimi o da qadınlara qarşı həssas idi”.
A. Dadaşov M. Qəddafini dünyanın marağına səbəb olan, Nyu-Yorkda BMT iqamətgahı qarşısında, Moskvada Kremlin həyətində qurduğu çadırın tarixinə də bələd olduğunu söyləyir. Onun sözlərinə görə, dəbdəbəli həyat sürən, saraylarda yaşayan polkovnikin birdən birə çadıra köç etməsi 1986-cı ildə olub: “O zaman mən Moskvada çalışırdım. Amerika Tripolini bombardman etmişdi. Qəddafinin sarayı da bombalanmış, həyat yoldaşı, bir neçə övladı, deyilənə görə, həddən çox istədiyi kiçik qızı, nəvəsi dağıntı altında qalaraq həlak olmuşdu. Bundan sonra Qəddafi sarayı çadıra dəyişib”.
“Sürpriz”lər ola bilər
Qəddafinin sadə insanlara qarşı xoş münasibəti olduğunu deyən keçmiş hərbçi bu gün Avropa və Amerika mətbuatında onun sadə insanlara divan tutması barədə yazılanlara inanmadığını deyir. A. Dadaşovun sözlərinə görə, Qəddafi bütün dövrlərdə dəfələrlə “xainlərə dünyada yer yoxdur” ifadəsini işlədib. O, hətta ötən əsrin 70-80-ci illərində ona qarşı sui-qəsd təşkil edənləri cəzalandırıb: “Düşünürəm ki, onun əsas məqsədi qiyamçıları cəzalandırmaqdır. Təbii ki müharibə zamanı şəhər bombalanırsa, orada mülki əhali də həlak olacaq. NATO bombardmanında Tripolidə mülki əhalinin həlak olması hüquqi, Qəddafi qüvvələrinin bombardmanında Benqazidə mülki əhalinin həlak olması qeyri-insani hesab olunur? Anlaya bilmirəm. Bu gün onun başına gələnlər dəfələrlə bəyan etdiyi fikirlərdir. O deyirdi ki, avropalılara təbii sərvətlərimizi sorub aparmaqlarına icazə verməyəcəm”.
Keçmiş müşaviri Qəddafinin NATO qüvvələrinə asanca təslim olmayacağını, əslində alyansa Əfqanıstandakından da ağır dərs verəcəyini düşünür. Onun sözlərinə görə, Liviyada əhalinin böyük hissəsi Qəddafinin tərəfindədir, eyni zamanda Qəddafi böyük pul xərcləməklə muzdluları gətirə bilib: “Qəddafi bu gün NATO bombardmanlarına baxmayaraq müxalif qüvvələrlə döyüşü davam etdirir. NATO-nun müdafiə nazirlərinin son toplantısında alyans rəhbərliyi Liviyada “ilişdiklərini” bəyan etdi. Düşünürəm ki, Qəddafi hələ dirənişi davam elətdirəcək. Ola bilsin ki, NATO üçün “sürprizlər” də etsin”.
Rəşad Süleymanov
[email protected]

1104