“Azərbaycan Rusiyanın bölgədə müttəfiqlərindən birinə çevrilməkdədir”
07 iyun 2011 11:05 (UTC +04:00)

“Azərbaycan Rusiyanın bölgədə müttəfiqlərindən birinə çevrilməkdədir”

“Əgər əvvəllər Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı iştirakında beynəlxalq və regional məsələlərdə yalnız öz mövcudluğunu bəyan etməyə çalışırdısa, indi Azərbaycan və Ermənistan prezidentlərinin görüşməsində maraqlı olduğunu ifadə edir. Çünki Azərbaycan Rusiyanın bölgədə ən yaxın müttəfiqlərindən birinə çevrilməkdədir. Buna görə də, Moskva Bakı ilə olan əlaqələri itirmək istəmir və Azərbaycanın güclənməsində maraqlı olduğunu ilbəil daha da xüsusi vurğulayır”.


Lent.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının üzvü, deputat Aydın Mirzəzadə partiyanın saytına verdiyi müsahibədə bildirib. O deyib ki, rus və erməni xalqları arasında tarixən mövcud münasibətləri nəzərə alsaq, Ermənistanın zəifləməsi Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəifləməsinə gətirib çıxarır. Buna görə də Rusiya bir tərəfdən Qarabağ probleminin tez bir zamanda nizama salınması yolu ilə Ermənistanın gələcəkdə bir dövlət kimi mövcud olmasını zəmanət altına almaq istəyir, digər tərəfdən isə Azərbaycanla münasibətləri korlamamağa çalışır.


A.Mirzəzadənin sözlərinə görə, bütün şübhələrdən uzaq şəkildə, münaqişənin tərəflərinə birtərəfli yanaşma problemin həllinə kömək etməsə də, Rusiya indiki şəraitdə Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır: “Qarabağ probleminin həlli Rusiya üçün onun öz cənub sərhədlərindəki gərginliyi aradan qaldırmaq, eləcə də onun bu bölgədəki maraqlarının müdafiəsi deməkdir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 435

Oxşar yazılar