Gülər Əhmədova: “Qarabağ ermənilərini özümüzünküləşdirməliyik” – MÜSAHİBƏ
15 iyul 2009 17:30 (UTC +04:00)

Gülər Əhmədova: “Qarabağ ermənilərini özümüzünküləşdirməliyik” – MÜSAHİBƏ

“Erməni xalqına düşmən kimi baxmaq istəmirik...”


Millət vəkili Gülər Əhmədovanın Lent.az-a müsahibəsi

- Bu yaxınlarda növbəti dəfə bir qrup Azərbaycan ziyalısı Dağlıq Qarabağa səfər etdi. Buna münasibətiniz necədir?

- Səfəri qiymətləndirməzdən əvvəl başqa məqama toxunmaq istəyirəm. Cəmiyyətdə hər zaman belə bir fikir təlqin olunur, “torpaqlar işğal altındadır, bu səbəbdən də ora getməməliyik”. Mən isə tamam başqa cür düşünürəm. Torpaqlar bizim olduğu üçün biz hökmən orada olmalıyıq. Güman etmirəm ki, işğal amili mənəvi və fiziki baxımdan bizi getməkdən saxlayacaq faktora çevrilməlidir. Kimin nə cür imkanı varsa, Şuşaya da, Ağdama da, Xankəndinə də getməyə hazır olmalıdır. Fərqi yoxdur sənin əlində silah, qələm var gedirsən, yaxud diplomatik danışıqlar üçün gedirsən. Biz Qarabağı sözün bütün mənalarında nəzarətsiz qoymamalıyıq. Çünki ermənilər tərəfindən yürüdülən ilkin siyasət də ondan ibarət idi ki, Qarabağla bağlı istənilən fikirlər bizim beynimizdən silinsin. Bunun da ən yaxşı yolu bizim fiziki baxımdan Qarabağdan təcrid olunmağımız idi. Sadəcə Bakıda oturaraq, “Mən Azərbaycanı sevirəm”, “Gün o gün olsun toylarımızı Qarabağda edək, tədbirlərimizi Şuşada keçirək” deməklə heç nəyə nail olmaq mümkün deyil. Əsas məsələ Azərbaycanı bütövlüklə hiss etməkdir. Göz yaşı tökərək Şuşa və digər rayonların adları verilmiş şadlıq saraylarında həmin torpaqlarla bağlı badə qaldırmaq heç düzgün deyil.
Bu torpaqlara hər bir vasitədən istifadə etməklə getməyi dəstəkləyirəm. Mən heç bir halda belə səfərlərin əleyhinə deyiləm.

- Bəs müharibə variantı?

- Mən müharibə variantını istisna etməyən insanların sırasındayam. Məncə, müharibə vasitədir və bu vasitədən istifadə olunmalıdır. Çünki təcrübə və zaman onu göstərir ki, zaman-zaman bu barədə danışıb, hərəkət etmədikcə, ermənilərə şərait yaradırıq. O şəraiti ki, orada yeni bir nəsil böyüyür. Bu nəsil isə bir neçə il keçəndən sonra tamamilə deyə biləcək, ”biz heç zaman qonşuluğumuzda nə azərbaycanlı, nə də başqa millət görmüşük, bura bizim torpağımızdır”. Bu baxımdan müharibəyə hazır olmaq lazımdır. Yəni, müharibə bir variantdır, bu variantdan da istifadə də etmək lazımdır.

- Sizə Qarabağa səfər etmək təklif edilsə gedərsinizmi?

- Mən hər zaman gedərəm. Azərbaycan mənim vətənimdir, onun hər bir guşəsinə getməyə də hazır olmalıyam.
Bir şeyi də deyim ki, biz “Azərbaycanda insanların həyat səviyyəsi yüksəkdir” deyib rahatlıq tapmamalıyıq. Əksinə, ermənilərin Azərbaycan Respublikasında yaşayarlarsa, hansı həyat tərzinə malik olmalarını göstərməliyik. Onlar arasında bu cür təbliğatlar aparılmalıdır. Heç nədən də qorxmaq laxım deyil ki, buna görə sənə “ermənipərəst” deyərlər. O insanlar Azərbaycan Respublikasının vətəndaşlarıdırlarsa, burada yaşamalıdırlarsa, bu insanları özümüzünküləşdirməyi bacarmalıyıq.

- Bəs ermənilər və Ermənistan əleyhinə təbliğatlar necə, aparılmalıdırmı?

- Ermənilərə qarşı təbliğat təəssüflə deyirəm ki, tarix tərəfindən boynumuza qoyulmuş bir yükdür. Biz sadəcə, bunun doğru-dürüst siyasi rakursunu tapmalıyıq. Biz erməni xalqına heç zaman düşmən kimi baxmaq istəmirik. Sadəcə, separatçı erməni qüvvələrinə və azərbaycanlılara qarşı işğalçı siyasət yürüdən, qətliam törədən ermənilərə qarşı düşmən mövqeyindəyik və beynəlxalq hüquq normaları çərçivəsində onların cəzalandırılmasını istəyirik. Mən çox istərdim ki, bizim Qarabağla bağlı bəyanat verən QHT-lərimiz, təşkilatlarımız ayaq altına qoyulan minanı görsünlər. Ancaq mən mətbuatda gedən çıxışlara baxanda görürəm ki, siyasi bəyanatlar verməyə çalışan bir sıra QHT-lər, hətta bəzi siyasilər Serj Sərkisyan tərəfindən qoyulan bu minanı görə bilmir. Çünki ən uzun sürən müharibələrin sonu da sülhdür. Ancaq bu sülhə gedərkən biz erməni xalqı ilə erməni separatçılarını ayırmağı bacarmalıyıq. Siyasi cəhətdən savadsızlığımız əleyhimizə işləyə biləcək və psevdovətənpərvərlk hisləri qabaracaq.
Müharibə tərəfdarının sırasında olduğumdan bir fikri də ifadə etmək istərdim. Erməni xalqına başa salmaq lazımdır ki, onları bu faşist rejimindən Azərbaycan Ordusu qurtara bilər. İnanıram ki, bu, onlar üçün ən doğru seçim olacaq.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 792

Oxşar yazılar