MDB müşahidəçiləri seçkilərin demokratik keçirildiyini bəyan ediblər
08 noyabr 2010 11:48 (UTC +04:00)

MDB müşahidəçiləri seçkilərin demokratik keçirildiyini bəyan ediblər

APA-nın məlumatına görə, MDB müşahidə missiyasının rəhbəri Serqey Lebedev deyib ki, 7 noyabr parlament seçkiləri Azərbaycanın seçki qanunvericiliyinə uyğun, yüksək səviyyədə keçirilib. O, müşahidə aparmaq üçün hər cür şəraitin yaradıldığını, 8 MDB ölkəsindən 352 müşahidəçinin 3 minə yaxın seçki məntəqəsində olduğunu söyləyib.

Bir neçə seçki məntəqəsində texniki xarakterli nöqsanlar qeydə alındığını diqqətə çatdıran S. Lebedev, buna misal kimi seçici siyahılarında bəzi hallarda seçicilərin adının olmaması və bəzi seçki məntəqələrində müşahidəçilər üçün stulların uzaqda qoyulmasını göstərib: “Bizim tövsiyələrimizdən sonra müşahidəçilərin yerləri bir qədər yaxına çəkilib. Missiyanın qərargahına ciddi nöqsanlar barədə siqnallar daxil olmayıb. Seçkilərin nəticəsinə dair bəyanat layihəsi qəbul olunub. MSK yekun nəticələri elan etdikdən sonra həmin bəyanat açıqlanacaq”.

MDB Parlamentlərarası Assambleyası müşahidə missiyasının rəhbəri Svetlana Orlova isə 114 seçki məntəqəsində müşahidə apardıqlarını, seçkilərin demokratik, şəffaf və əvvəlki seçkilərdən daha yüksək səviyyədə keçirildiyini bəyan edib. O, seçki komissiyalarının üzvləri və yerli müşahidəçilər arasında qadınların sayının çox olmasını yüksək qiymətləndirib.

Rusiya Dövlət Dumasının nümayəndəsi Yelena Dubrovina seçkilərin sakit keçdiyini desə də, bir neçə irad da bildirib. Onun fikrincə, seçiciləri seçkilərə dəvət edən plakatların sayı az olub, seçki məntəqələrində namizədlər barədə məlumat olmayıb. Y. Dubrovina seçici aktivliyinin da az olduğunu söyləyib. Buna etiraz edən S. Lebedev isə qeyd edib ki, 50 faizdən artıq seçici aktivliyi yaxşı göstəricidir. O, MDB ölkələrinin heç birində barmaq boyanması üsulunun tətbiq edilmədiyini vurğulayaraq Azərbaycanda da bu üsulu ləğv etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 868

Oxşar yazılar