“İlkin məlumatları ictimaiyyətin diqqətinə çatdıracağıq”
06 noyabr 2010 18:32 (UTC +04:00)

“İlkin məlumatları ictimaiyyətin diqqətinə çatdıracağıq”

Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə seçkilərlə əlaqədar mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, M. Pənahov deyib ki, Seçki Məcəlləsinin tələblərinə əsasən parlament seçkiləri kampaniyası yekunlaşıb. O, Azərbaycanda 4 milyon 950 min nəfərə yaxın seçici olduğunu, Milli Məclisə seçkilərin 125 dairədə və 5314 seçki məntəqəsində keçiriləcəyini, 690 namizədin adının seçki bülletenlərinə daxil edildiyini nəzərə çatdırıb: “Ən çox namizəd olan dairədə 14, ən az namizəd olan dairədə 4 nəfər deputatlıq uğrunda mübarizə aparır. Yeni Azərbaycan Partiyasının 107, müxalifət partiyalarının isə 140 namizədi var. Azərbaycanda seçici siyahısı ən yüksək səviyyədə hazırlanan seçici siyahılarından biridir”.

M. Pənahov bildirib ki, MSK parlament seçkilərinə ilin əvvəlindən hazır olub: “Seçicilər, məntəqə və dairə seçki komissiyalarının üzvləri və dövlət qurumlarının aidiyyəti nümayəndələri üçün maarifləndirmə tədbirləri keçirilib. Parlament seçkiləri dövründə kifayət qədər əhəmiyyətli tədbirlər keçirilib ki, bunlar başqalarına nümunə ola bilər. Bu tədbirlər beynəlxalq təşkilatların və müvafiq dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə təşkil olunub. Seçki məntəqələrindən kənarda səsvermə prosesini canlı izləmək üçün məntəqələrdə 500 veb-kamera quraşdırılıb. Bu veb-karmeralar vasitəsilə internet istifadəçiləri istər ölkə daxilindən, istərsə xaricdən MSK-nın internet səhifəsinə daxil olaraq səsvermə prosesini, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini fasiləsiz müşahidə edə biləcəklər. Səsvermə noyabrın 7-də saat 08.00-da başlayacaq, saat 19.00-da isə seçki məntəqələri bağlanacaq. Seçicilərin aktivliyi barədə gün ərzində 5 dəfə ictimaiyyətə məlumat veriləcək. Gecədən keçmiş də olsa, ilkin məlumatları ictimaiyyətin diqqətinə çatdıracağıq. Nəticələr MSK-nın rəsmi internet saytına da yerləşdiriləcək. Amma ümumi qəbul olunan standartlara riayət edəcəyik”.

M. Pənahov seçkiləri izləmək üçün ümumilikdə 46639 yerli müşahidəçinin qeydiyyatdan keçdiyini açıqlayıb. Bütün respublika ərazisində müşahidə aparacaq 3466 nəfər MSK tərəfindən, dairələrdə müşahidə aparacaq 43173 müşahidəçi isə DSK-larda qeydiyyatdan keçib: “MSK tərəfindən bu günədək akkreditə olunan 1029 beynəlxalq müşahidəçi 21 beynəlxalq qurumu təmsil edir ki, buraya Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı, Avropa İttifaqının Bakı nümayəndəliyi, Avropa Parlamenti, Türkdilli Ölkələrin Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, GUAM, eləcə də ABŞ, Böyük Britaniya, Qazaxıstan, Norveç, Bolqarıstan, Polşa, Yaponiya, Finlandiya və Belçika səfirlilikləri, eyni zamanda Avropa Seçki Müşahidə Akademiyası, Qazaxıstanın Mərkəzi Seçki Komissiyası və “Vestnik Kafkaza” analitik informasiya agentliyi daxildir. Beynəlxalq müşahidəçilər 48 ölkəni təmsil edirlər”.

M. Pənahov xarici ölkələrin KİV nümayəndələrinin də seçkini işıqlandırmaq məqsədilə Azərbaycana gəldiyini söyləyib: “Dünya ictimaiyyətinin vaxtaşırı məlumatlandırılması məqsədilə BBC, “Əl-Cəzirə”, TRT televiziyaları, “Reuters”, “Associated Press”, “France Presse”, EPA, “Anadolu”, “İhlas”, “Doğan”, “Sinhua”, İTAR-TASS xəbər agentlikləri, Gürcüstan İctimai Televiziyası, İran TV, “Oqonyok” jurnalı da daxil olmaqla 18 xarici kütləvi informasiya vasitələrindən 43 təmsilçi seçkiləri işıqlandırmaq məqsədilə MSK tərəfindən akkreditə olunub. Yerli mətbuat nümayəndələrinin ölkə ərazisində fəaliyyətinə isə məhdudiyyət qoyulmayıb”.
# 517

Oxşar yazılar