BU HALDA  insan ömrü 2 il arta bilər
27 fevral 2024 06:58 (UTC +04:00)

BU HALDA insan ömrü 2 il arta bilər

Havanın çirklənməsinin qarşısı alınarsa, insan ömrü 2 il arta bilər.

Lent.az  xəbər verir ki, Çikaqo Universitetinin Enerji Siyasəti İnstitutunun nəşr etdiyi “Hava Keyfiyyəti Həyat İndeksi” hesabatında hava çirkliliyinin insan həyatına təsiri araşdırılıb.

Hesabatda qeyd olunur ki, bütün ölkələr Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) havanın çirklənməsi standartlarına cavab verərsə, insanların orta ömrü 2 il arta bilər. Bildirilib ki, bu, dünya əhalisinin ömrünü 17,8 milyard il artıracaq. Həmçinin hesabatda hava çirkliliyinin insan həyatı üçün ən böyük xarici təhdid olmağa davam etdiyi vurğulanıb və bunun Cənubi Asiyada ən çox ölümə səbəb olduğu ifadə edilib.

Banqladeş, Hindistan, Nepal və Pakistanda mövcud çirklənmə səviyyəsinin davam etməsinin insan ömrünü orta hesabla 5 il azalda biləcəyinə diqqət çəkilib. 2013-cü ildən bəri dünyada artan çirklənmənin təxminən 59 faizi Hindistandan qaynaqlanır. Bildirilib ki, ÜST-ün müəyyən etdiyi həddindən 6 dəfə çox çirklənməyə malik olan Çin 2013-cü ildən bu yana hava çirkliliyini 42,3 faiz azaldıb və bununla da vətəndaşlarının 2,2 il daha uzun ömür sürməsinə şərait yaradıb.

Digər tərəfdən hesabatda Afrika ölkələri olan Konqo Demokratik Respublikası, Ruanda və Burundi dünyanın ən çox hava çirkliliyi olan 10 ölkə arasında yer alıb, havanın çirklənməsinin qarşısını almaq üçün bu ölkələrdə heç bir infrastrukturun olmadığına diqqət çəkilib. Asiya və Afrikanın bir çox bölgələrində havanın çirklənməsi ilə mübarizə aparılır.

ABŞ-da Təmiz Hava Aktının qüvvəyə mindiyi 1970-ci illə müqayisədə bu gün havanın çirklənməsi 64,9 faiz azalıb. Bu səbəbdən ölkədə orta ömür müddətinin 1,4 il uzadıldığı bildirilib. 1998-ci illə müqayisədə hava çirkliliyinin 23,5 faiz az olduğu Avropada orta ömür uzunluğu təxminən 4,5 ay artıb.

Çikaqo Universitetinin Enerji Siyasəti İnstitutunun professoru Maykl Qrinston vurğulayıb ki, havanın çirklənməsinin dünyada orta ömür uzunluğuna təsirinin dörddə üçü Banqladeş, Hindistan, Pakistan, Çin, Nigeriya və İndoneziyadan qaynaqlanır. Bu altı ölkədə insanların nəfəs aldıqları hava onların həyatından 1-6 ildən çox vaxt “oğurlayır”.

# 2553
avatar

Oxşar yazılar