Soğan və göyərtinin qiyməti əl yandırır -  BAZARDAN REPORTAJ
09 sentyabr 2026 14:00 (UTC +04:00)

Soğan və göyərtinin qiyməti əl yandırır - BAZARDAN REPORTAJ

0

Son günlər bəzi tərəvəz və göyərtilərin qiymətində kəskin artım müşahidə olunur. Dörd ay əvvəl kisəsi 8 manata satılan soğanın qiyməti bir həftə əvvəl 16 manata, hazırda isə 22-25 manatadək yüksəlib. Əvvəllər beşi bir manata satılan göyərtilərin isə indi dördü bir manatadır. Satıcılar bahalaşmanı əsasən havaların yağışlı və küləkli keçməsi ilə əlaqələndirirlər.

Lent.az “8-ci kilometr” bazarından “Vosmoy” reportajını təqdim edir.

Bazara daxil olub qiymətlərlə maraqlanırıq. Girişdə əsasən soğan və kartof satan piştaxtalar diqqəti çəkir. Satıcılardan biri soğanın bir kisəsini 23 manata satdığını bildirir.

Bazarın ortalarına doğru irəlilədikcə məhsulların artıq kisə ilə deyil, əsasən kiloqramla satıldığını görürük. Burada həm soğanın, həm də kartofun bir kiloqramı 1 manatadır. Xırda soğanların qiyməti isə 80-90 qəpik arasında dəyişir.

Pomidor piştaxtalarında qiymət fərqi daha böyükdür. Pomidorun bir kiloqramı növündən və keyfiyyətindən asılı olaraq 70 qəpikdən 4 manat 50 qəpiyədək dəyişir.

Şəki lobyası 3 manat, uzun lobya isə 2 manat 50 qəpikdən alıcılara təklif olunur.

Göyərti satan qadınlardan birinə yaxınlaşıb qiyməti soruşuruq.

“Göyərtinin dördü bir manatdır”, - deyə satıcı bildirir.

- Niyə dördü? Əvvəl beşini bir manata satmırdılar?

- Yağış, qar yağanda, güclü külək əsəndə heç kim sahəyə girmir. Ona görə də qiymət qalxır. Mən hələ bilmirəm ki, sabah nə satacağam. Kimə zəng edirəm, deyir ki, yağışda kimdir sahədən göyərti yığan? Ona görə də indi əlimizdə nə varsa, onu daha baha satırıq.

Bir qədər irəlidə zoğal satılan piştaxtalara yaxınlaşırıq. Burada qiymətlər 3-4 manat civarındadır. İri və ətli zoğalların bir kiloqramı 4 manat, daha kiçik ölçülü zoğallar isə 3 manatdan 3 manat 50 qəpiyədək satılır.

Bazarda yumurtanın da qiymətinin artdığı müşahidə olunur. Yayda birinin qiyməti bir qəpiyə düşən yumurtaların indi 10 ədədi 2 manat 50 qəpiyə satılır.

Digər piştaxtalarda çerri pomidorunun qiyməti 2 manat, Qusar pomidorunun qiyməti isə 1 manatdır. Ağ üzüm 2 manat, qara üzüm 2 manat 50 qəpik, badımcan 1 manat, xiyar isə 70 qəpikdən satılır.

Turşu üçün nəzərdə tutulan göy pomidor və tikanlı xiyarın bir kiloqramı 1 manat 30 qəpikdir. Yaşıl acı bibər 1 manat 50 qəpik, qırmızı acı bibər 2 manat 50 qəpik, şirin yaşıl bibər 1 manat 30 qəpik, sarı bibər isə 2 manat 50 qəpikdən təklif olunur.

Piştaxtalardan birinin qarşısında dayanarkən satıcı kameranı görüb zarafatla səslənir:

“Məni yox, pomidoru çək”.

Qiyməti soruşuruq:

- Neçəyə verirsiniz?

- Üç manata.

- Niyə belə baha?

- Havalar soyuyub, qızım, ona görə.

- Qırmızı kartof neçəyədir?

- 1 manat 30 qəpik.

Bazarın digər tərəfinə, soğan və kartof satılan hissəyə keçirik. Burada qiymətlər yenə fərqlidir.

- Soğanın kisəsini neçəyə verirsiniz?

- 24 manata.

- Bir kisədə təxminən neçə kiloqram olur?

- 33-35 kilo.

- Niyə 24 manata verirsiniz? Bir həftə əvvəl 16 manat idi.

- Hava soyudu, qiymətlər qalxdı, ona görə biz də artırdıq.

Eyni sualla başqa satıcılara da müraciət edirik. Onlardan biri soğanın kisəsini bir qədər ucuz - 22 manata satdığını deyir.

- Sizdən əvvəlki satıcı 24 manat dedi. Sizdəki soğan niyə 22 manatdır?

- Mən bu soğanları neçə vaxtdır gətirmişəm. Ona görə də daha münasib qiymətə, üstünə bir-iki manat qoyub satıram.

- Kartof neçəyədir?

- Doxsan qəpik.

- Haradan gəlib?

- Qazaxdan.

- İran kartofu daha satılmır?

- Hələ ki tezdir, ona görə gəlməyib.

Bazardan çıxmazdan əvvəl sonuncu satıcıya da yaxınlaşıb soğanın qiymətini soruşuruq.

Soğanın kisəsini 25 manata satıram. Ən yaxşı, iri soğanlar olan kisələr də məndədir”, - deyə satıcı bildirir.

Beləliklə, “8-ci kilometr” bazarında apardığımız müşahidə göstərir ki, eyni məhsulun qiyməti hətta bir neçə piştaxta aralıda belə dəyişə bilir. Xüsusilə soğan və göyərtidə son günlər müşahidə olunan bahalaşmanı satıcılar hava şəraiti, məhsulun sahədən yığılmasındakı çətinliklər və bazara gətirilən məhsulun azalması ilə izah edirlər.

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar