İsmayıllıda "palatka" toyundakı kütləvi zəhərlənmənin SƏBƏBİ AÇIQLANDI   - YENİLƏNİB
09 sentyabr 2026 17:23 (UTC +04:00)

İsmayıllıda "palatka" toyundakı kütləvi zəhərlənmənin SƏBƏBİ AÇIQLANDI - YENİLƏNİB

0

Ötən ayın 20-də İsmayıllıda toyda kütləvi zəhərlənmənin səbəbi açıqlanıb.

Bu barədə AQTA-dan Lent.az-a məlumat verilib. 

Bildirilib ki, ilkin məlumata əsasən, hadisə nəticəsində 40 nəfər zərər çəkib. Araşdırmalar zamanı ilkin şübhəli qida məhsulları kimi buğlama və düyü müəyyən edilib. Həmin məhsullardan, istehlaka təqdim olunan digər qidalardan, eləcə də zərərçəkən şəxslərdən laborator müayinələrin aparılması məqsədilə nümunələr götürülərək analizə cəlb olunub.

Laborator müayinələrin nəticələrinə əsasən, bişmiş düyü nümunəsində Bacillus cereus, zərərçəkən şəxslərdən götürülmüş nümunələrdə isə Staphylococcus aureus və Escherichia coli (bağırsaq çöpü) bakteriyaları aşkarlanıb.

Staphylococcus aureus normal hallarda dəri və selikli qişa mikroflorasında mövcud olan bakteriyadır. Termiki emaldan keçmiş hazır qida məhsullarında bu bakteriyanın aşkar olunması həmin məhsulların hazırlanması və ya sonrakı mərhələdə sanitariya-gigiyena tələblərinin pozulduğunu, o cümlədən çarpaz çirklənmənin baş verdiyini və ya saxlanma şəraitinə riayət edilmədiyini göstərir.

Qeyd edək ki, toy məclisində istehlak olunan qidalar ev şəraitində hazırlanıb.

AQTA bir daha vətəndaşlara müraciət edərək bildirir ki, kütləvi tədbirlər zamanı qida məhsullarının hazırlanması, saxlanması və istehlaka təqdim olunması zamanı qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir.

Xüsusilə ev şəraitində hazırlanan qidaların kütləvi məclislərdə istehlaka təqdim olunması tövsiyə edilmir. Belə hallarda qidaların hazırlanması və saxlanması zamanı temperatur rejiminə, şəxsi gigiyena qaydalarına və digər qida təhlükəsizliyi tələblərinə tam riayət olunmaması qida zəhərlənmələri riskini artıra bilər.

***

21 avqust 2026, saat 11:45

İsmayıllıda toyda zəhərlənənlərin sayı artıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Hacıhətəmli kəndində qeydə alınıb. 

Kənd ərazisində keçirilən mağar toyunda kütləvi zəhərlənmə olub. 

Son məlumata görə, bu gün daha 6 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib. Bununla da zəhərlənənlərin sayı 30-a çatıb.

İlkin ehtimala görə, məclisdəkilər salatdan zəhərləniblər.

Hazırda faktla bağlı araşdırma aparılır. 

***

saat 11:37

İsmayıllıda toyda kütləvi zəhərlənmə olub.

AQTA-dan Lent.az-a verilən xəbərə görə, İsmayıllıda baş verən zəhərlənmə hadisəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.

İlkin araşdırma zamanı məlum olub ki, hadisə İsmayıllı rayonu, Hacıhətəmli kəndində həyətyanı sahədə təşkil edilən toy məclisində baş verib. 24 nəfər zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Hazırda xəstələrin vəziyyəti yaxşıdır. İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Araşdırmaların nəticələrinə uyğun tədbirlər görüləcək.

Agentlik xüsusilə yay aylarında kütləvi tədbirlər zamanı qidaların saxlanma şəraitinə və temperatur rejiminə diqqət yetirilməsinin bir daha vacibliyini vurğulayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1952

Oxşar yazılar