Nevroloq Seliya Qarsiya Malo bildirib ki, yuxusuzluğun yaranmasına bir çox amil səbəb ola bilər. Onun sözlərinə görə, yuxunun əsas düşmənlərindən biri gecə saatlarında orqanizmin həddindən artıq stimullaşdırılmasıdır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, uzun müddət telefon, planşet və digər ekranlardan istifadə etmək, çox gec şam yeməyi və yatmazdan əvvəl telefonu tez-tez yoxlamaq yuxu problemlərinə səbəb ola bilər.
Həkimin sözlərinə görə, bu vərdişlər insanın yuxuya getməsinə kömək edən melatonin hormonunun ifrazını poza bilər. Nəticədə yuxu fasiləli olur və insan yatmasına baxmayaraq, səhər özünü tam dincəlmiş hiss etmir.
“Yaxşı yuxu yalnız neçə saat yatmağınızla bağlı deyil. Yuxunun keyfiyyəti də çox vacibdir. Bu keyfiyyət isə böyük ölçüdə orqanizmin yatmağa hazır olduğu vaxt yuxuya gedib-getməməyinizdən asılıdır”, - nevroloq bildirib.