Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə şübhəli bilinən İqor Lısenkonun cinayət işi üzrə məhkəmə iclasında hökm oxunub.
Lent. az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilən İqor Lısenkonun 16 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini elan edib.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən İqor Lısenkonun 18 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Xatırladaq ki, hadisə 21 fevral 2026-cı ildə Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində baş verib.
İqor Lısenko Rusiyada yaşayan dostu İlqar Məmmədovu Bakıya çağırıb. Dostlar bir müddət bir yerdə yaşayıb. Daha sonra aralarında mübahisə düşüb. Bu səbəbdən İlqar Məmmədov İqora məxsus avtomobildə gecələməli olub. İ.Lısenko gecə saatlarında avtomobildə olan İ.Məmmədova yaxınlaşaraq ona bir neçə bıçaq zərbəsi vurub. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə)və 228.5-ci ( qanunsuz olaraq silah əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə cinayət işi açılıb.