UNESCO-da lavaşla bağlı müzakirələrin detalları açıqlanıb
27 noyabr 2014 18:26 (UTC +04:00)

UNESCO-da lavaşla bağlı müzakirələrin detalları açıqlanıb

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclasında Ermənistan tərəfindən UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına lavaş "erməni çörəyi lavaşın hazırlanması ənənələri" kimi təqdim edilsə də, Azərbaycan tərəfinin buna etiraz etməsindən sonra faylın adının dəyişilməsi ilə bağlı növbəti dəfə məlumat yayıb.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumatda deyilir ki, UNESCO-da baxılması üçün Ermənistan tərəfindən təqdim edilən lavaş erməni çörəyi kimi qələmə verilib: “Yəni ermənilər lavaşın yalnız onlara məxsus olduğunu iddia edirdilər. Azərbaycanın Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, UNESCO yanında daimi nümayəndəliyi, UNESCO üzrə Milli Komissiyanın birgə apardığı qabaqlayıcı tədbirlər nəticəsində lavaşın erməniləşdirilməsinin, erməni millətinə mənsub olmasının qarşısı alınıb. UNESCO öz qərarında bu elementin Ermənistan ərazisində də mövcud olması ilə razılaşıb. Halbuki Ermənistan tərəfi həm iclasdan öncə, həm də iclas zamanı israrla lavaşın "erməni çörəyi" adı altında UNESCO-nun Reprezentativ siyahısına daxil edilməsinə cəhd göstərirdi”.

 

Nazirliyin mətbuat xidmətindən əlavə ediblər ki, Ermənistanın lavaşı erməni çörəyi kimi təqdim etmək cəhdlərinin qarşısı Azərbaycan və Türkiyə tərəfinin birgə səyi ilə alınıb və Komitə tərəfindən qəbul edilməyib: “İlkin olaraq baxılması üçün təqdim olunan faylın adı "Lavash, the preparation, meaning and appearance of traditional Armenian bread as an expression of culture" ("Lavaş ənənəvi erməni çörəyinin hazırlanması, məzmunu və görüntüsü mədəniyyətin ifadəsi kimi") olduğuna baxmayaq, son qəbul edilən faylın adı "Lavash, the preparation, meaning and appearance of traditional bread as an expression of culture in Armenia" ("Lavaş ənənəvi çörəyin hazırlanması, məzmunu və görüntüsü Ermənistanda mədəniyyətin ifadəsi kimi") olub. Bununla da UNESCO qərarında bildirilir ki, lavaş bütün regionda hazırlanır və bu element ermənilərin eksklüziv çörəyi deyil. Ümumiyyətlə, qeyd edilməlidir ki, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması konvensiyasına əsasən Reprezentativ siyahıya təqdim edilən mədəni elementlər həmin elementin hər hansı xalqa və yaxud dövlətə məxsus olmasını müəyyən etmir və əslində həmin elementin həmin ölkənin ərazisində mövcudluğunu göstərir. Yəni bir ölkənin ərazisində müəyyən qrup insan həmin elementin daşıyıcısıdırsa, həmin ölkənin hüququ var ki, onu qorumaq üçün UNESCO-ya təqdim etsin. Belə ki, UNESCO siyahısı mədəni irsin mənsubiyyətini təyin etmir, onu qorumaq üçün qəbul edir. Əgər bir neçə ölkədə həmin mədəni irs nümunəsi varsa, bu ölkələr hər hansı bir elementi UNESCO-ya birlikdə çoxmillətli fayl kimi və yaxud ayrı-ayrılıqda təqdim edə bilər. Ermənistanla Azərbaycan müharibə şəraitindədir və Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır. Belə ki, informasiya müharibəsi fonunda mövcud olan həssaslığı nəzərə alaraq, istənilən məlumatın cəmiyyətə təqdimatı real faktlara və etibarlı mənbəyə istinad edilməlidir”.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664
avatar

Oxşar yazılar