Noyabrın 25-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm nazirlikləri və milli kitabxanaları tərəfindən Ankarada Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi münasibətilə anım məasimi keçirilib.
Azərbaycanın Türkiyədəki səfirliyindən Lent.az-a verilən xəbərə görə, Türkiyənin Milli Kitabxanasında keçirilən mərasimdə Azərbaycanın və Türkiyənin dövlət rəsmiləri, türkdilli ölkələrin elm və mədəniyyət xadimləri, Türkiyə XİN-nin yüksək vəzifəli rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndələri, ədəbiyyatsevərlər iştirak ediblər. Tədbirdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu, Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov İlyas Əfəndiyevin anadan olmasının 100 illiyinin Türkiyədə qeyd olunmasını türk dünyasının ədiblərinə verilən yüksək dəyər kimi qiymətləndiriblər. Mərasim çərçivəsində İlyas Əfəndiyevin ədəbi yolunun kitab, foto nümunələrindən qurulmuş sərginin açılışı olub və onun çətin, şərəfli həyat yolundan məlumat verilib.
Mərasimin konfrans hissəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Nizami Cəfərov, AMEA-nın şöbə müdiri, professor Nizaməddin Şəmsizadə, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemətov, Bakı Bələdiyyə Teatrının direktoru, xalq artisti Amaliya Pənahova, Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu, türkiyəli professor Sedat Adıgözəl, Beynəlxalq İlyas Əfəndiyev Fondunun rəhbəri Tural Əfəndiyev çıxışlarında ədibin zəngin həyat və yaradıcılığının ayrı-ayrı istiqamətləri, o cümlədən yüksək şəxsi keyfiyyətləri və xoşməramlı amallarından söz açıblar.
Tədbir zamanı türk dünyası qarşısında səmərəli fəaliyyətinə görə Türkiyə xarici İşlər naziri Mövlud Çavuşoğluna TÜRKSOY-un yubiley medalı təqdim olunub.