Güney Azərbaycanda nəşr edilən “Xudafərin” jurnalının 100-cü sayı çap olunub. Lent.az-ın məlumatına görə, Azərbaycan Yazıçılar Birliyində keçirilən təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin üzvləri, yazarlar, qəzet redaktorları iştirak edib. Toplantıda çıxış edən xalq şairi Fikrət Qoca jurnal haqqında geniş məlumat verib. Bildirib ki, jurnal 10 il öncə işıq üzü görüb.
Daha sonra çıxış edən Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz Güney Azərbaycan ədəbiyyatının təzyiqlər, zindanlar şahidi olduğunu deyərək, bildirib ki, “Xudafərin” jurnalı Güney və Quzey Azərbaycanla bağlı mütəmadi olaraq yazılar dərc edir. Tehranda çap olunmasına baxmayaraq, jurnalda Şimalı Azərbaycandan olan ziyalılara da geniş yer verilir.
Jurnalın baş redaktoru Hüseyn Şərqi bildirib ki, bütöv Azərbaycanda baş verən ədəbi-bədii, ictimai hadisələr jurnalda öz əksini tapır. Ayda bir dəfə işıq üzü görən “Xudafərin” 5 min tirajla çap olunur.