Şimali Koreya paytaxtında ilk növbədə ölkədə “şirin ət” adlanan it ətindən hazırlanan yeməklərin təqdim olunacağı böyük restoranın tikintisinə başlanılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, əhatə dairəsinə görə, restoran Koreya yarımadasında və bəlkə də dünyada ən böyük olacaq. Mütəxəssislər onu da qeyd edirlər ki, KXDR son vaxtlar irimiqyaslı mənzil tikintisi, eləcə də ölkə lideri Kim Çen Inın şəxsi böyük diqqət yetirdiyi digər infrastruktur obyektlərinin tikintisini həyata keçirir.
Məlumata görə, Pxenyanın mənzərəli yerində - Tedonqan çayının sahilində, digər məşhur iaşə obyekti Oknyuqvan ilə üzbəüz yeni restoranın tikintisi davam edir. Hazırda binanın bünövrəsi qoyulur.
Restoran bir neçə mərtəbədən ibarət olacaq və dizayn ənənəvi şərq mənzərəli üslubunda hazırlanacaq.
Məlumata görə, restoranda “şirin ət”dən yeməklər veriləcək. Müəssisə Şimali Koreyada və bəlkə də dünyada ən böyük it əti restoranına çevriləcək.