İsraildə qədim məzardan çıxarılan insan qalıqları tarixin ən qədim beyin əməliyyatlarından birinə işıq salıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, arxeoloqlar 3000 ildən çox əvvəl yaşamış xəstə kişi üzərində aparılan "açısal çentikli trepanasyon" adlı əməliyyat növünə dair dəlillər aşkar ediblər.
Müasir tibbdə trepanasiya - Travmatik qəza nəticəsində beyindəki kəllə hissələrini təmizləmək və başda təzyiqi azaltmaq üçün edilən əməliyyat adlanır.
Yeni araşdırmada əməliyyat edilən şəxsin 20-40 yaş arasında olduğu və eramızdan əvvəl 15-ci əsrdə yaşadığı bildirilib.
ABŞ-ın Braun Universitetindən arxeoloq Rachel Kalişerin rəhbərlik etdiyi tədqiqat qrupu xəstənin baş dərisinin kəsildiyini, daha sonra isə iti alətlə ön sümüyündən kvadrat parça götürüldüyünü müəyyən edib.
"Bizim sübutlarımız var ki, trepanasiya minlərlə ildir ki, universal və ümumi cərrahiyyə növü olub. Ancaq biz bunu Yaxın Şərqdə çox görməmişik", - Kalişer deyib.
Bütün bu regionda trepanasiyanın cəmi 10-a yaxın nümunəsi var.
Qabaqcıl müasir tibbin imkanları olmadan beyin cərrahiyyəsi kimi incə bir əməliyyatı həyata keçirmək çox çətin görünə bilər. Amma tarixçilər dəfələrlə sübut ediblər ki, əməliyyatın mənşəyi minlərlə il əvvələ gedib çıxır. Bəzi ekspertlər hətta hesab edirlər ki, neyrocərrahiyyə bütün zamanların ən qədim tibb “ixtisas”ıdır.
"Qədim dövrlərdə insanların düşündüyündən daha çox tolerantlıq və daha çox qayğı var idi. Bizdə Neandertallar dövründən belə sübutlar var ki, insanlar hətta çətin şəraitdə də bir-birlərinə baxırdılar" - deyə alim əlavə edib.
"Bəli, keçmişdə cinsə və sinfə görə fərqlər var idi. Ancaq insanların orqanizmi yenə də indiki insanlar kimi idi".