Dolların bahalaşması ilə əlaqədar Türkiyənin tanınmış müğənnisi Rafet El Romanın Bakıdakı konserti təxirə salınıb. Konsertə bilet alan tamaşaçılar təşkilatçı Nahid Emiloğlunun onların pullarını qaytarmadığını bildirərək onu dələduzluqda ittiham ediblər.
Musavat.com məsələyə aydınlıq gətirmək üçün təşkilatçı Nahid Emiloğlu ilə əlaqə saxlayıb. Təşkilatçı onu dələduzluqda ittiham edənlərə cavab verib:
"Neçə ildir ki, bu cür hadisə başıma gəlir. Bilirəm ki, haqqımda yayılan xəbərlər qərəzli şəkildə yazılır. Adı bəlli olmayan, sadəcə 40 manata bilet aldığını deyən birinin fikirlərini yaymaq nə dərəcədə düzdür? Məsələ tamam fərqlidir. ATV, ANS kimi telekanalların radiolarına konsertə bilet dəvətnamə şəklində verilib və keçirilən oyunlar zamanı tamaşaçıya hədiyyə edilib. Radiolara 50 dəvətnamə verilib. O tamaşaçılar indi dələduzluq edirlər, udduqları dəvətnamənin pulunu istəyirlər. Bilet alanların ad-soyadı, telefon və oturacaq nömrəsi bizdə var. O şəxslərin pulları qaytarılır. Dəvətnamə qazananların isə adları siyahıda yoxdu. Dəvətnamə olaraq radiolara verdiyimiz biletlərin nömrələri var. Dəvətnamə alan şəxslər gəlib işçimizə deyir ki, "40 manatlıq biletdir, 20 manat ver gedim". Dekabrın 29-u baş tutmalı olan konsert dolların məzənnəsinin qalxması ilə əlaqədar ayın 26-sı təxirə salınıb. Tək Rafetin qonorarında 24 min manat fərq edirdi. 100 manata bilet satıramsa, müğənniyə 24 min necə verim? Tamaşaçının da, mənim də ailəm var. Mən də ailəmi dolandırmaq üçün yaşayıram. 15 ildir konsert təşkil edirəm. Satılan biletlərin pulunu birbaşa müğənninin bank hesabına köçürürük. Konserti mən təxirə salmışam. Əvvəldən müqavilə bağlanıb, bizdəki məzənnə dəyişikliyinin türk müğənniyə aidiyyatı yoxdur. O aldığı qonorarı geri qaytarmır. Biz pulu mart ayında köçürmüşük. Rafet pulu qaytarmalıdır ki, biz də insanların pulunu ödəyək. Bilet satışından əldə edilən məbləğ cəmi 2100 manatdır. 2100 manatın yarısını geri qaytarmışam. 50 faizini isə pul gəldikcə qaytaracağam".