Portuqaliya millisinin və “Real”ın futbolçusu Kriştianu Ronaldo rəfiqəsi Dezire Kordero ilə ayrılıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı hücumçunun “İspaniya gözəli-2014” müsabiqəsinin qalibi ilə münasibətləri bir neçə aydan artıq sürməyib.
Bu ilin yayından görüşməyə başlayan cütlüyün ayrılmasına onların bir-birinə yanaşma tərzi səbəb olub.
Belə ki, Ronaldonun sevgilisinə qarşı hissləri səmimi olsa da, Dezirenin bu münasibətlərdən yararlanmaqda marağı üzə çıxıb.
Məsələ ondadı ki, Ronaldo şəxsi həyatının bu qızla bağlı təfərrüatlarını öz aralarında saxlamağa çalışıb. Kordero isə imkan düşdükcə sevgi macəralarının nəşrlərdə əksini tapmağa, Kriştianunun hesabına populyarlıq qazanmağa və bu yolla məşhurlaşmağa çalışıb. Portuqaliyalı İspaniya gözəlindən dəfələrlə xahiş edib, münasibətləri üzə çıxarmamağı tapşırsa da, sonuncu buna məhəl qoymayıb.
Bütün yaşananlardan sonra Ronaldo qızın ondan istifadə etdiyini başa düşüb. Məhz bu səbəbdən futbolçu ayrılmağa qərar verib. Artıq münasibətləri tamamilə qırılan cütlük təsadüfən üz-üzə gəlməkdən də qaçır.