Məşhur amerikalı müğənni Meraya Keri avstraliyalı milyarder Ceyms Pekerlə nişanlanıb. Toyun vaxtı hələ ki, bəlli deyil.
Lent.az-ın “azərtac”-a istinadən məlumatına görə, peker dəbdəbəli restoranda verdiyi şam yeməyi zamanı müğənniyə ailə həyatı qurmağı təklif edib. Ulduz müğənni restorandan çıxaraq avtomobilinə yaxınlaşan zaman paparatsilər onun barmağındakı iri nişan üzüyünün şəklini çəkməyə müvəffəq olublar.
2015-ci ilin iyun ayında tanış olan cütlük o gündən bəri ümumi varidatı təxminən 4 milyard dollar həcmində qiymətləndirilən milyarderin yaxtasında həftələrlə vaxt keçirib.
Xatırladaq ki, Meraya Keri musiqi tarixində ən tanınmış simalardan biridir. Onun diskləri 200 milyon nüsxədən çox olan ümumi tirajla yayılıb. 1998-ci ildə Keri diskləri onilliyin ən çox satılan müğənnisi, 2000-ci ildə isə “World Music Awards” mərasimində minilliyin ən uğurlu kommersiya müğənnisi adını qazanıb.