Nəsimi rayon məhkəməsi aparıcı və aktyor İlkin Həsənlinin ANS Müstəqil Yayım və Media Şirkətini (MYMŞ) və onun əməkdaşlarını təhqir etməsi məsələsinə aydınlıq gətirib.
Lent.az anspress-ə istinadən xəbər verir ki, ANS MYMŞ-nın İlkin Həsəniyə qarşı qaldırdığı iddia üzrə birinci instansiya məhkəməsi 23 sentyabr 2015-ci il tarixində yekun qətnamə qəbul edib. Qətnaməyə əsasən, İlkin Aydın oğlu Həsənli 22 may 2015 ci il tarixində öz Facebook səhifəsində ANS-ə ünvanladığı sözləri elə həmin sosial şəbəkə vasitəsi ilə öz adından təkzib edilməklə, ANS şirkətindən, onun rəhbərliyindən və əməkdaşlarından üzr istəməlidir.
ANS TV-nin hüquqlarını müdafiə edən hüquqşünas Sevda Məhərrəmova məhkəmənin qərarından razı qaldığını deyib. "Məhkəmə araşdırmaları zamanı, yəni 03.09.2015 tarixində İ. Həsəninin ANS MYMŞ-ın işgüzar nüfuzunu ləkələyən məlumat və ifadələrin yer aldığı statusun silindiyi məlum oldu. Lakin əvvəlcədən həmin statusun şəklini götürdüyümüz və bir sıra saytların bu statusdan xəbər düzəltməsinə görə heç bir çətinlik yaşanmadı",-deyə hüquqşünas bildirib.
İlkin Həsənli 22 may 2015 tarixində öz facebook səhifəsində www.youtube.com sosial şəbəkəsindən yerləşdirdiyi videoya başlıq kimi ANS-i təhqir edəcək status paylaşmışdı.
Həmin status belə idi: “14 ildir TV-də işləyirəm, bu 14 ildə çox şey gördüm, amma bir telekanalın digərinə qarşı etdiyi belə bir ŞƏRƏFSİZLİYİ görmədim! Bəs hanı sizin jurnalist həmrəyliyiniz, hanı dəqiqliyiniz, qərəzsizliyiniz? Başa düşürəm, TV adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiz,onlar ATV-yə gəldi, hörmət, azadlıq və yüksək maaş gördü, amma belə etməməli idiz! Bu gün siz rəsmən ATV kanalına efir müharibəsi elan etdiz! OK, olsun!”.