Aparıcı Elgiz Əkbərin "Adam içində" verilişi yayımını dayandırıb.
Lent.az-ın axşam.az-a istinadən xəbərinə görə, onun yerinə "Sən tək deyilsən" verilişi efirə gedir. Proqramın aparıcıları Xoşqədəm Hidayətqızı və Elgiz Əkbərdir. İlk buraxılışı bu gün efirə gedən proqramda E.Əkbər bunları deyib:
"Ab-havamız, studiyamız dəyişib. Amma bu o demək deyil ki, biz işimizi dəyişmişik. Həmişə olduğu kimi bizə müraciət edən insanların yanındayıq. Əlimizdən gələn qədər sizlərə kömək edəcəyik. Sizlərin yanında olacağıq. Tamaşaçılar hər zaman 16:20-dən 19:00-a kimi Elgiz Əkbəri görməyi adət edib. Bu gündən etibarən mən bu müqəddəs səhnəni Xoşqədəm Hidayətqızı ilə bölüşəcəm".
X.Hidayətqızı E.Əkbərlə bağlı fikirlərini bölüşüb:
"Mənə ruh verən tamaşaçılarım qarşısında baş əyirəm. Oxucularım hər zaman Elgizlə bağlı müsbət rəylərimi oxuyub. Baxmayaraq ki, biz ayrı-ayrı kanallarda işləyirdik, o, bəzi insanları mənim verilişimə yönləndirirdi. Öz sözünü demiş jurnalistlərdəndir. "Axtarıram səni" və "Adam içində" verilişindəki yarımçıq qalan taleləri "Sən tək deyilsən"lə davam edəcəyik".
Qeyd edək ki, X.Hidayətqızının aparıcılığı ilə yayımlanan "Axtarıram səni" verilişi də həftənin bazar günü yayımına davam edəcək.