“Space” televiziyasında 3 gün öncə qalmaqal baş vermiş proqramın bağlanması barədə qərar qəbul edilib.
Lent.az-ın məlumatına görə, bunu Trend-ə “Space” televiziyasının icraçı direktoru Kamil Şahverdiyev deyib.
İyunun 30-da “Space”də yayımlanan “Günaydın” verilişində baş verənlərlə bağlı kanalın rəhbərliyi ictimaiyyətdən və Milli Televiziya və Radio Şurasından (MTRŞ) üzr istəyib.
Onun sözlərinə görə, baş verən qalmaqallı hadisə ilə bağlı tədbir görüləcək:
“Televiziyada baş verən hadisə ilə bağlı müzakirələr aparılıb və konkret tədbirlər görülməsi barədə qərar qəbul edilib. Belə ki, iyulun 17-dən etibarən “Günaydın” proqramının yayımı dayandırılacaq və proqram bağlanacaq”.
Qeyd edək ki, iyunun 30-da “Space” televiziyasında efirə yayımlanan “Günaydın” verilişində yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib. Verilişdə qonaqlar bir-birinin ünvanına söyüşlər səsləndiriblər.