Müğənni Roza Zərgərli bu gün Beynəlxalq Mətbuat Mərkəzində media nümayəndələri ilə görüşüb.
Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan ifaçı bildirib ki, Ukraynanın tanınmış saytı ilə əməkdaşlığa başlayıb: “Mənə bir kitab lazım idi. Çətin tapılırdı. Bir sayt məsləhət gördülər, ora yazdım. 20 gündən sonra kitab tapıldı. Daha sonra mənə təklif gəldi ki, geyimlərimi satışa çıxarım. Razılaşdım. Bir çox ölkənin tanınmış simaları geyindikləri libasları auksiona çıxardaraq, satışdan əldə olunan pulları ehtiyacı olan insanlara bağışlayırlar. Mən də belə bir qərara gəldim ki, geyimlərimi satışa çıxarım. Açığı bu barədə mənə ilk təklif sosial şəbəkədə gəldi. Düşünmədən bu işə razı oldum. Çünki biz tanınmış simalar bir geyimi yalnız bir dəfə geyinə bilirik. Fikirləşdim ki, geyimlərim evdə lazımsız qalmaqdansa sataram, ehtiyacı olan insanların əməliyyatına kömək edərəm. Mənim də pula ehtiyacım var. Amma kimsəsiz insanlara yardım etmək savabdır. Artıq “Atəş” klipindəki geyimim satılıb. 5 min manata almışdım, 1000 manata satdım. Bazar günündən də şou-biznesin bir çox tanınmış simaları da bu aksiyaya qoşulacaq. Bu layihədə müğənnilərlə yanaşı rejissorlar, prodüserlər, jurnalistlər və digər sahənin insanları da iştirak edəcək. Satış “onlayn” vasitəsi ilə həyata keçiriləcək. Son zamanlar şou-biznesin bir çox tanınmışlarının başı mənasız qalmaqallara və ucuz reklamlara qarışıb. Tövsiyə edərdim ki, bizim aksiyaya qoşulsunlar”.