Lent.az yeni rubrikaya başlayır. Bu rubrikamızda vaxtı ilə tamaşaçı qarşısında olan, sonralar ekranlardan çəkilən və gözlərdən uzaq məşhurlardan söhbət açacağıq. Kimisi öz həyatlarını səs-küysüz, gözlərdən uzaqda davam etdirmək istəyir, kimisi isə sadəcə bir dövrün məşhurluğunu davam etdirə bilməyib və unudulub. Bizim məqsədimiz isə onları sizin yaddaşınızda yeniləməkdir.
Rubrikanın ilk qonağı kifayət qədər məşhurluq qazanan “Arka sokaklar” serialında “Murad Komser” obrazını canlandıran Uğur Pektaşdır.
Uğur Pektaş 1979-cu il oktyabrın 16-da İstanbulda dünyaya gəlib. Atası ilə anası o, hələ 13 yaşında olarkən boşanıb. Uğur Kocaeli Universitetinin nəzdində Dərbənd Turizm Biznes və Otel İdarəetmə Məktəbində otelçilik ixtisası üzrə təhsil alıb. Tur rəhbəri və təşkilatçı kimi çalışıb.
2005-ci ildə “Kanal D” televiziyasında yayımlanan “Survivor Türkiye: Büyük macera” yarışmasında birinci olduqdan sonra aktyorluğa başlayıb. Bundan başqa, yoqa, aikido və tai chi idman növləri ilə məşğul olub.
2006-cı ildə “Kuşdilli”, “Düşler ve gerçekler” və “Arka sokaklar” kimi seriallarda yer alıb. Bu serialda həmkarı Gamze Özçelik ilə eşq yaşayır və 2008-ci il iyunun 19-da ailə qurur. Cütlüyün sevgili olması xəbərləri bir qədər də populyarlaşdırır. Bir il sonra “Arka sokaklar”ı həyat yoldaşı ilə bərabər tərk edir. 2010-cu ildə isə Murathan adlı oğulları dünyaya gəlir.
Oğlu doğulan il “Arka sokaklar” serialına geri dönəndən sonra arvadı da həmin seriala qayıdır. 2016-cı ildə 385-ci bölümdə yenə serialdan ayrılır. Ümumi olaraq 297 bölümdə oynayır. Adı keçən ekran işində Uğur “Murat Ateş” obrazı ilə geniş bir fanat kütləsinə sahib olur.
Lakin cütlük 2011-ci ildə anlaşa bilmədiklərini iddia edərək boşanır. Aktyor bir neçə sevgi münasibət yaşasa da, ikinci dəfə evlənmir.
2020-ci ilin əvvəllərində “Survivor 2020” yarışmasının heyətinə daxil olur. Burada yaralanandan sonra yarışmanı tərk etmək məcburiyyətində qalır.
Aktyorluğun daşını atdığını deyən Uğur Pektaşın indi atası ilə bərabər işlətdiyi bir avtomobil təmiri sexi və servisi var. Buna baxmayaraq, yaxınlarda xarizmatik və xanımların sevimlisinə çevrilən aktyorun "Teşkilat-ı Mahsusa Trablus" serialında oynayacağı məlum olub. Serialın yaxın zamanlarda yayımlanacağı, hazırda çəkilişlərin davam etdirildiyi mediaya bildirilib.
Ümid edirik ki, Uğur Pektaşın xarizması kimi istedadı azalmayıb, əksinə, özünəməxsus tərzdə davam edəcək.