“Ən böyük dayağım, varlığım bu dünyadan, yanımdan gedəndən sonra, dünya boyda yanımda durdunuz. İndi sizə, sevginizə güvənib, sevginizdən güclənib sizinləyəm”.
Lent.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva sosial şəbəkə hesabında paylaşıb. Stilist qardaşı Balaşın ölümündən sonra səhnələrə çıxmayan müğənni, yeni fotossesiyasından şəkil paylaşaraq bu sözləri yazıb:
"Dərd bir əlimdən tutub aşağı çəkdikcə, enməyə qoymayıb digər əlimi siz tutdunuz. Bir ayağım heysizlikdən büküldükcə, digər ayağımı yıxılmağa qoymayıb taqətim oldunuz. İçimi kədər atəşi bürüdükcə, o odu varlığınızla soyutdunuz. Kədər bürümüş üzümün üzərinə çəkdiyiniz bu təbbəsümə görə də sizə təşəkkür edirəm. Səsim, nəğmələrim sizə fəda. Çox minnətdaram hamınıza. Bu çətin vaxtlarımda mənə ən çox dəstək olan elə sevənlərim oldu. Mən də sizi sevirəm".