Müğənni Vaqif Nağıyev və müsahibənin müəllifi Nigar Namiq
17 yanvar 2023 14:56 (UTC +04:00)

Müğənni Vaqif Nağıyev və müsahibənin müəllifi Nigar Namiq

“O insanın başını divara vurmaq lazımdır” - Vaqif Nağıyev xəyanətdən DANIŞDI

Lent.az müğənni Vaqif Nağıyevlə müsahibəni təqdim edir.

- Özünüzü necə tanıdardınız? 
- Vaqif Nağıyev – prezident təqaüdçüsü, beynəlxalq musiqi festivallarının laureatı, “Qolos Ukraіni” yarışmasının finalçısı, Ukraynada Azərbaycan Gənclərinin Təşkilatının ilk və artıq keçmiş sədri, hazırda isə 28 yaşında iki uşaq atasıyam.

- Vaqif bəy, özünüzü uğurlu gənc hesab edirsinizmi?
- Özümü gənc hesab etmirəm. 

- Niyə? 
- Həyat tərzimə görə. Gənc olmaq qayğısız, məsuliyyətdən kənar yaşamaq deməkdir. Bəzən də böyük bir məqsədi olmayan, özü üçün yaşayan biri deməkdir. Məndə isə belə deyil, gənclikdən çıxmışam. Ona görə sədrlikdən də imtina etdim. Gənc nəslə ötürdüm. 

- Musiqi sahəsinə uşaqlıqdan başlamısınız. Müsabiqələr, yarışlar və s. Bu, sizin üçün nə ifadə edir? 
- Üç yaşımda ilk dəfə Heydər Əliyev sarayında çıxış etmişəm. Məşhur bəstəkar Oqtay Zülfüqarovun uşaq ansamblında, “Aysel” qrupunda solist kimi ifa etdim. Daha sonra Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil aldım. Orada doqquzuncu sinifdə oxuyanda rəhbərlikdə dəyişiklik oldu deyə, vokal sinfini bağladılar. Mən də məktəbdən çıxmalı oldum. Çünki yeni direktor uşaqların çoxunu zərb alətləri, digər hissəsini nəfəsli alətlər şöbəsinə yönləndirdi. Yəni uşaqların istedadına görə yox, öz mənafeyinə görə hərəkət etdi. Hələ də başa düşmürəm ki, nəyə əsasən bunu etdi? Bülbül kim olub? Vokalist, xanəndə. Bu, xoreoqrafiya məktəbində rəqs dərslərini bağlamaq kimi bir şeydir. Mən də təhsili davam etdirmək üçün 1 il Moskvada kollec oxudum. Sonra Azərbaycana qayıdıb Tofiq Quliyev adına musiqi məktəbində təhsilimi davam etdirdim. Sonra universitet təhsili üçün Ukraynanın Xarkov şəhərinə getdim.

- Necə oldu ki, “Ukraynanın səsi” mahnı müsabiqəsində iştirak etmək qərarına gəldiniz?
- Dekanımız bizə orada dedi ki, “Ukraynanın səsi” mahnı müsabiqəsi keçirilir, seçimlərə gedin. Dostlarımızla razılaşdıq ki, gedəcəyik. Bazar günü idi, səhər saat 8-də seçim turuna getməli idik. Bir-birimizə zəng edib soruşduq ki, gedək? Heç birimiz “hə” demədi. Yatıb qaldıq. Səhər universitetə gələndə müəlliməmiz çox əsəbiləşmişdi, bizi qovdu. Dedi ki, siz o müsabiqədə iştirak etməlisiniz, yoxsa imtahandan keçməyəcəksiniz. Biz də sübh tezdən yığışıb getdik. Təkcə Xarkovda metronu, universiteti, bir də yataqxananı tanıyırdım. Mənim üçün Dnepropetrovska getmək asan məsələ deyildi. Qarda, tufanda bir təhər gedib çatdıq. Birinci musiqi duyumumu yoxladılar, o mərhələdən keçdim. İkinci otaqda prodüserlərin qarşısında 5-6 mahnı oxudum, bəyəndilər. Üçüncü otaqda psixoloqun yoxlanışından keçdim. Psixoloq ağladır, güldürür ki, artistizmini və reaksiyalarını yoxlasın. Yoxlamalardan keçdik, getdik Xarkova. Müəlliməmizə dedik ki, keçmişik, ancaq cavabları bilmirdik. Əmin idim ki, keçməyəcəyəm. 

- Nəyə görə? 
- Pula görə orada iştirak etmək istəmirdim. Bir aydan sonra mənə zəng edib dedilər ki, yarışmaya qəbul olmusunuz. Bir prodüser mənə dedi ki, Müslüm Maqomayevin ifa etdiyi "Sinyaya veçnost" mahnısını oxumalısan. Mahnını öyrəndim, səhər saat 7-də gəldim. Tamaşaçılarım baxdığı kadrlar isə gecə 1-in yarısı çəkilib. Təsəvvür edin, səhər saat 7-dən gecə yarısına qədər bayquş kimi oturub gözləmişik (gülür). Elə bildim mahnını münsiflərin qarşısında ifa edəndə heç biri mənə tərəf çevrilməyəcək. Bir də gördüm hamısı bir-bir döndü. Sözün düzünü desək, orada adam oldum. Məsələn, 17-18 yaşlı uşaqlar var e, məntiqsiz, mənasız həyat yaşayırlar. Mən də belə getmişdim ora. Sadəcə tez universiteti bitirib, diplomumu alıb qayıtmaq istəyirdim. Gördüm ki, orada həyat buradakı kimi deyil. 

- Bəs Azərbaycana qayıdandan sonra nələr oldu? 
- Bakıda bütün tədbirlərə dəvət alırdım. 2008-ci ildə Vaşinqtonda və Moskvadakı tədbirlərə getdik. Bir müddət ara verdik. Sonra məlum oldu ki, dövlət səviyyəsində tədbir üçün Parisə gedirik. Xanəndələrlə, rəqqaslarla, qruplarla və s. Əvvəl dəvət etdilər, sonra qoymadılar çıxış edim. Dedilər gəlmə. Əməlli başlı azdırdılar məni.

- Nəyə görə? 
- Dedilər ki, müğənni çıxış etməyəcək. Dedim “yaxşı”. Sonra televiziyada gördüm ki, üç nəfər mənim oxuduğum mahnını oxuyur. Çox təəccübləndim. Doğrudan da həmin o qrupda məndən başqa hamı var. Sonradan mənə dedilər ki, kimsə rəhbərliyə yalandan “Vaqifin səsi batıb”, -  deyib. Bu musiqiçilərin rəhbərliyi tərəfindən mənə olunmuş təxribat idi. 

- Sizə qarşı təxribat edən adamın adını öyrənmədiniz? Bəs hansı səbəbə görə sizə bunu etdi? 
- Bilirəm kimdir. Məşhur biridir, adını çəkməyəcəyəm. Deyib ki, Vaqifin səsi batıb. Halbuki elə bir şey yox idi. Mənimlə bərabər tədbirdə oxuyan xanəndə Pərvaz səs dəyişmə dövrü yaşayırdı. Ancaq məndə hiss olunmurdu, oxuyurdum. Dedilər səsi batıb. Batmayıb, daha da güclənib. Nə var, nə var, məşqə 15 dəqiqə gec gəlmişdim deyə, bunu etdi. İllər sonra həmin adam mənə zəng edib dedi ki, çox şadam ki, səninlə konsertlərdə iştirak etmişəm. Sonralar üz-üzə gəldik. O söhbəti açmadım, sadəcə bilirdim ki, bunu mənə o edib. O, bunu etməsəydi, indi Əməkdar artist adını almışdım. 

- Ondan sonra həvəsiniz belə deyək, qursağınızda qalmadı? 
- Yox. “Noborod” qızışdım (güldüm). 

- Bəs sizcə, bu yaxınlarda dahi bəstəkar Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atanlara düzgün cəza verdilər?
- Yox. Onları şapalaqlamaq, sonra da “podval”a atmaq lazım idi. Orada ancaq musiqidən danışmaq, klassiklərimizə qulaq asdırmaq lazımdır. Qoy, beyinləri partlasın. 15 gün boyunca musiqi ilə “tərbiyə” etmək olardı. Üzeyir Hacıbəyov kimdir, himnimizin sözlərini kim yazıb, ac-susuz bunları öyrənməli idilər. On beş gün bitəndə imtahan verərdilər. İmtahanı yaxşı verməsələr, yenidən salsınlar “podval”a. Elə insanların beynini təmizləmək lazımdır. Üzeyir Hacıbəyov adi bəstəkar deyil axı. Azərbaycan musiqisinin banisidir. Bundan başqa, o olmasaydı, bizim himnimiz olmazdı. Gerbə, bayrağa, himnə toxunan insanın başını divara vurmaq lazımdır. Elə bil o ayaqqabını bayrağın üzərinə atmaq oldu. Hər şey bir tərəfə. Bu adamın beynindən, düşüncəsindən çıxan notlar illər boyu bizi hər gün ayağa qaldırıb, əlimizi sinəmizə qoyub, bizi oxutdurur. Bu himnin sözlərini oxuyub əsgərlərimizi döyüşə gedib, torpaq uğrunda şəhid olublar. Hadisəyə bu tərəfdən də baxmaq lazımdır axı. Çox ağır mövzudur bu. Məsələni daha da böyütsək, cəzalandırılan uşaqlar üçün heç də yaxşı nəticələnməz.
Meyxanaçı Rəşad da narkotik olsun, oğurluq olsun, bunları tənqid edib həmişə. Gəncləri pis vərdişlərdən çəkinməyə səsləyib. 

- Hazırda iki uşaq atasısınız. Bildiyimə görə, erkən yaşda evlənib, ailə-uşaq sahibi olmusunuz. Necə bir hissdir bu?
- Çox gözəl hissdir. Mənim üçün dünyada ən gözəl şey oğlumun saçlarımla oynaması, evə gələndə qızımın üstümə qaçıb tərliklərimi gətirməsidir. Bundan sonra da məqsədim oğlum və qızım üçün yaşamaqdır. Onlardan başqa dünyada heç kəs maraqlı deyil. Onların gələcəyi üçün çalışmaqdır. Nə edirəmsə, onlar üçün edirəm.
 

# 5424
avatar

Nigar Namiq

Oxşar yazılar

Nikol Şerzinger nişanlısı ilə rəqs etdi

Nikol Şerzinger nişanlısı ilə rəqs etdi

28 may 2024 , 06:32
Məşhur müğənni boşanır

Məşhur müğənni boşanır

27 may 2024 , 21:57
Tünzalə Ağayeva  fərqli geyimi   ilə diqqət çəkdi

Tünzalə Ağayeva fərqli geyimi ilə diqqət çəkdi

27 may 2024 , 17:56
Afət Fərmanqızı aeroportda saxlanıldı - Müğənnidən AÇIQLAMA  - YENİLƏNİB

Afət Fərmanqızı aeroportda saxlanıldı - Müğənnidən AÇIQLAMA - YENİLƏNİB

27 may 2024 , 16:52
Madonna  30 yaşlı sevgilisindən   ayrıldı

Madonna 30 yaşlı sevgilisindən ayrıldı

27 may 2024 , 14:30
Məşhur aktyor GÜLLƏLƏNDİ

Məşhur aktyor GÜLLƏLƏNDİ

27 may 2024 , 11:41
Mehmet Ali Erbilin paylaşımı GÜNDƏM OLDU

Mehmet Ali Erbilin paylaşımı GÜNDƏM OLDU

27 may 2024 , 10:20
Məşhur müğnni hava limanında saxlanıldı - NARKOTİKƏ GÖRƏ

Məşhur müğnni hava limanında saxlanıldı - NARKOTİKƏ GÖRƏ

25 may 2024 , 22:12