İki gündür Xalq artisti Flora Kərimova ilə Əməkdar artist Elza Seyidcahan arasında efirdə baş vermiş qalmaqal medianın gündəmini zəbt edib. Elza Seyidcahan proqramda onun geyimini tənqid edən Flora Kərimovaya sərt şəkildə reaksiya verib, mikrofonu bağlandığı üçün canlı yayımı tərk edib. Bu gün onun Flora xanımdan üzr istəməsi barədə xəbər yayılıb.
Lent.az-a açıqlama verən müğənni yanlış anlaşıldığını bildirib.
“Mən yalnız ona görə üzr istəyirəm ki, sosial şəbəkələrdə xalq ona bu məsələ üçün söydü.
Yaradıcı insanam, onu qorumağa məcburam. Mən də öz tərzimlə verilişə gəldim, az qala daş-qalaq etdilər, efirdə səsimi aldılar. Bilsəydim, belə hal olacaq, xalq mənə görə Flora Kərimovaya belə sözlər yazacaq, gəlməzdim. İstəməzdim səbəb olum, kimsə ürəyində olanları ona yönəltsin.
Geyimimdən danışır, sənətimdən yox. Amma o gün gələcək, o sağlığımda danışacaq, məni qəbrə yola salanda yox. Elza Seyidcahan uzunömürlü olacaq. Mən öz dəyərimi də, sənətimi də bilirəm. Bizdə ancaq ölənləri tərifləyirlər", - o qeyd edib.