“Bunu Rəşaddan gözləmirdik” – Ağamirzə Lent.az-a DANIŞDI
15 noyabr 2022 16:41 (UTC +04:00)

“Bunu Rəşaddan gözləmirdik” – Ağamirzə Lent.az-a DANIŞDI

Meyxana ustası Ağamirzə Məmmədov Lent.az-ın əməkdaşının suallarını cavablandırıb.

Onunla qısa müsahibəni təqdim edirik:

-    Ağamirzə bəy, çoxdandır efirlərdə sizi görmürük. Özünüzü necə hiss edirsiniz?
-    Yaxşıyam, Allaha şükür. Efirlərə çıxmağa çox vaxtım olmur. Ancaq hərdən dəvət aldığım verilişlərə gedirəm. 

-    Sənət fəaliyyətinizdə hansısa bir yenilik var?
-    İnşallah, bu yaxınlarda bir mahnım yayımlanacaq. İş gedir üzərində. 

-    Toylara, şənliklərə dəvət alırsınız bəs?
-     Dəvət az olur. Əvvəlki kimi deyil. Ümumiyyətlə, toy azdır. Çağırılanda gedirəm.

-    Həmkarınız, Rəşad Dağlının törətdiyi hadisə ilə bağlı nə deyə bilərsiniz?
-    Bu barədə heç nə deyə bilmərəm. Təkcə onu deyim ki, ondan gözləmirdik bunu, yaxınımızdır. Bu xəbərə görə çox üzüldük, çox... Heç məlumatımız da yoxdur ki, hadisə necə baş verib. 

-    Sənət yoldaşları, yaxınları ilə əlaqə saxlayırsınız?
-    Sənət yoldaşları deyəndə ki, elə biri mən. Arada yaxınları, dostları ilə danışırıq. 

-    Məlumatlara görə, öldürülən şəxs Ələkbər Yasamallının yaxın qohumudur. Onunla bu barədə danışmısınız?
-    Ələkbər, ümumiyyətlə, ölkədə deyil. Səhhəti ilə bağlı xaricdədir, müalicə alır. Danışmamışıq özü ilə. 

-    Dostunuz Ağakərimi ziyarət edirsiniz? Vəziyyəti nə yerdədir?
-    Sonuncu dəfə on gün bundan əvvəl Ağakərimi görməyə getmişdim. 10 dəfə salam verdim ona. Ancaq o yana, bu yana baxır. Bir kəlimə də danışmır, ancaq baxır. Deyirəm “Ağakərim, necəsən?”, reaksiya vermir. Yəni, səhhətində irəliləyiş yoxdur. Yaxşılıqdan söhbət belə getmir. Oğlu deyir ki, belə qalsa, yaxşıdır. Təki vəziyyəti pisləşməsin.

-    Müalicəsi davam edir?
-    Belə də. Dərmanları ancaq sakitləşdirsin, ağrılarını azaltsın deyə, qəbul edir. Yəni, nə vəziyyətinə təsir edir, nə də düzəldir. Olduğu kimi qalır. Allah köməyi olsun.

-    Ağakərimi tanınmışlardan kimlərsə ziyarət edir? 
-    Gedib-gələni azdır. Son zamanlar meyxanaçılardan yanına kiminsə getdiyini eşitməmişəm. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5061
avatar

Nigar Namiq

Oxşar yazılar