CİNAYƏT İŞİ
Qısa arayış...
2024-cü il noyabrın 28-də Bakının Sabunçu rayonunda qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları əraziyə yollanır. Məlum olur ki, cinayət Maştağa qəsəbəsi, Müthət Ələkbərov küçəsi, 24 ünvanında baş verib. Evin giriş qapısının qarşısında uzanıqlı, üzü və gödəkçəsi qana bulaşmış vəziyyətdə 1978-ci il təvəllüdlü İlhamə Məmmədovanın meyiti aşkar edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Qasım Məmmədov 1997-ci ildə Bakı şəhərində anadan olub. 2023-cü il yanvarın 12-də Cəlilabad rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-cü (satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum olunub.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, cəzasının sonu ilə əlaqədar evə buraxılan Qasım Məmmədov ögey anasının azyaşlı nəvəsi Zəhra Əlizadənin artıq həddi-buluğa çatmış qız olmasını əsas gətirib, dəfələrlə İlhamə Məmmədovadan onun təhsil aldığı orta məktəbdən çıxarılmasını tələb edib. Qasım sözlərinə məhəl qoymamasını görüb, əsaslı səbəb olmadan qadını öldürmək qərarına gəlib. Noyabrın 28-i saat 18 radələrində mətbəxdən götürdüyü bıçaqla yaşadıqları evin həyətində İlhamə Məmmədovanın döş qəfəsinə bir dəfə zərbə endirib. Nəticədə qadın ölüb.
İş üzrə dindirilmiş Qasım Məmmədov bildirib ki, Türkiyədə Aksaray Universitetinin idman fakültəsində oxuyub, amma təhsilini öz istəyi ilə yarımçıq qoyaraq Bakıya qayıdıb:
“Narkotik vasitələrdən istifadə etdiyimə görə məhkum olunmuşam. 5 və 11 saylı cəzaçəkmə müəssisələrində cəza çəkmişəm. 2024-cü il oktyabrın 16-da azadlığa buraxıldım. İlhamə Məmmədova əmimin yoldaşı olub. Qadınla münasibətimiz həmişə yaxşı idi. Psixoloji problemlərim var. Noyabrın 28-də evdə yatıb yuxudan oyandım, bir anda qərara gəldim ki, bu hadisəni törətməliyəm. Hadisə vaxtı özümdə olmamışam. Bacım qızının məktəbdən çıxarılması barədə bacıma irad bildirsəm də, bununla bağlı aramızda mübahisə olmayıb, sadəcə söhbət etmişik”.

Zərərçəkmiş şəxsin hüquqi varisi Abbas Məmmədov ifadəsində göstərib ki, mərhum İlhamə Məmmədova onun arvadı, Qasım isə doğma qardaşı Arif Məmmədovun oğludur:
“2000-ci ildə İlhamə Məmmədova ilə ailə həyatı qurandan sonra, Qasım bizim himayəmizdə böyüyüb. İlhamə bundan əvvəl başqa şəxslə nikahda olub. Orta məktəbi bitirəndən sonra Qasımı təhsilini davam etdirməkdən ötrü Türkiyəyə göndərdim. Lakin 6 aydan sonra oğlan geri qayıtdı. 2016-cı ildə hərbi xidmətə çağırıldı.

Qasım bir dəfə xuliqanlıq əməlinə görə və 2 dəfə narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum olunmuşdu. 2024-cü il oktyabrın 16-da azad ediləndən sonra Maştağa qəsəbəsində bizimlə birlikdə yaşayırdı. Noyabrın 18-də günorta İlhamə zəng edib mənə dedi ki, Qasım üstümə hücum edib, tez evə gəl. Evə çatanda, arvadım Qasımın heç bir səbəb olmadan bıçaqla üzərinə gəldiyini söylədi. Yanına çağırıb bu hərəkətinin səbəbini soruşanda, Qasım belə bir şey etmədiyini bildirdi. Qardaşım oğlunun yenə də narkotik vasitələrin təsiri altında olması qənaətinə gəldim. Buna görə də, acıqlanmadım və onunla mübahisə etmədim. Arvadımla qərara aldıq ki, evi satıb başqa ünvanda yeni ev alaq və bu yolla Qasımdan uzaqlaşaq. Bu hadisədən sonra, təhlükəsizlik məqsədi ilə səhər işə gedərkən arvadımı və onun nəvəsini Zabrat qəsəbəsində yaşayan əmim oğlunun evinə aparıb qoyurdum.

Noyabrın 28-də arvadımı həmin evdən, uşağı isə məktəbdən götürərək, birlikdə evə qayıtdıq. Darvazanın qapısını Qasım açdı. Təxminən 1 dəqiqədən sonra ayaqyolundan çıxanda, Qasımın qapıdan çıxıb küçəyə qaçdığını gördüm. Yerdə uzanıqlı vəziyyətdə qalan İlhaməyə yaxınlaşıb nəbzini yoxladım və öldüyünü başa düşdüm. Ağzından qan gəlirdi. Dərhal Təcili tibbi yardıma və polisə zəng edib məlumat verdim. Bundan sonra, qadının meyiti patoloji anatomiya şöbəsinə aparıldı”.

Yetkinlik yaşına çatmayan şahid Zəhra Əlizadə ifadəsində göstərib ki, Maştağa qəsəbəsində yerləşən orta məktəbdə 2-ci sinifdə oxuyur:
“Noyabrın 28-də həyətə daxil olandan sonra nənəm İlhamə əlindəki əşyaları verib onları evin yuxarı mərtəbəsinə qaldırmağımı dedi. İçəridə olanda, nənəmin qışqırdığını eşitdim. 1-ci mərtəbəyə, giriş qapısının yanına çatanda Qasımın darvazaya doğru qaçdığını, nənəmin müvazinətini itirib yerə yıxıldığını gördüm. Dayım Qasım Məmmədovun hansı səbəbdən nənəm İlhamə Məmmədovanı öldürməsini bilmirəm”.

Məhkəmə iclasında Qasım Məmmədov ittiham üzrə özünü təqsirli bilməyib. Əməlindən peşman olduğunu bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib. Zərərçəkmiş şəxsin hüquqi varisi Abbas Məmmədov teleqram göndərərək, iclaslarda iştirak edə bilməcəyini və təqsirləndirilən şəxsə qarşı şikayəti olmadığını bildirib.
Məhkəmə hesab edib ki, Qasım Məmmədov heç bir səbəb olmadan ögey anasını həyatdan məhrum edib.
Məhkəmə qənaətə gəlib ki, Qasım Məmmədovun Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib. O, həmin maddənin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Qasım Məmmədov 16 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.