CİNAYƏT İŞİ
Qısa arayış…
2020-ci il iyulun 22-si səhər saat 8 radələrində Corat qəsəbəsində 1995-ci il təvəllüdlü Aygün Müseyibin bıçaqlanma diaqnozu ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilir. Həkimlərin müdaxiləsi ilə hamilə qadının həyatı xilas olunur. Dərhal Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları hadisə yerinə yollanaraq, əraziyə baxış keçirir və iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülür.
Şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanır.
Hadisə baş verən ev
Lent.az həmin cinayət hadisəsinin istintaq materiallarını əldə edib:
İstintaqla müəyyən edilib ki, Abdul Əsgərovun qonşusu Natiq Müseyib ona olan pul borcunu qaytarmayıb. Buna görə də, o, iyulun 22-si səhər saat 8 radələrində bıçaq götürərək N. Müseyibin evinə gedib. Həyətə daxil olaraq, qonşusunu bir neçə dəfə çağırdıqdan sonra, yataq otağına açılan pəncərədən içəri daxil olub. Bu zaman otaqda olan Aygün Müseyib ondan evi dərhal tərk etməsini tələb edib. Lakin Abdul qonşusunun arvadı ilə zorla cinsi əlaqədə olmaq fikrinə düşüb. Zor tətbiq edərək, Aygünü çarpayıya itələyib və onun üstünə uzanıb. Aygün Müseyib qışqıraraq bir neçə dəfə hamilə olduğunu desə də, Abdul məhəl qoymayıb və qadının başına vurub. Seksual hərəkətlərindən qurtulmaq üçün qadın həyətə qaçaraq, qonşuları çağırıb. Buna görə də, Abdul Əsgərov cinayət əməlini başa çatdıra bilməyib. Amma Abdul Aygünün arxasınca qaçaraq, qonşusu Əliabbas Abbasovun həyətinə çatıb. Burada bıçaqla qadına zərbələr endirib. Həmçinin, bu zaman Aygünü xilas etməyə çalışan Əliabbas Abbasova da bıçaq xəsarəti yetirərək qaçıb.
Abdul Əsgərov
İş üzrə dindirilmiş Abdul Əsgərov bildirib ki, ailə üzvləri ilə birlikdə Corat qəsəbəsində yaşayıb. Qapı qonşusu olan Natiq Müseyiblə 2014-cü ildən problemi olub:
“Natiqin arvadı Aygünün bacısı Arzu ilə nişanlanmışdım. Atamdan qalan 4 sot torpaq sahəsini 48 000 manata satıb, Yaşma bağlarından 30000 manata 6 sot torpaq sahəsi aldım. Qalan 18 000 manatı isə Natiqə mənə ev tikməsi üçün verdim. Amma Natiq evi yarımçıq tikərək, işi başa çatdırmadı. Bundan başqa, qonşum nişanlımla olan münasibətimə müdaxilə edərək, bizi ayırdı. Nəticədə qız Natiqin tanışı ilə ailə qurdu. Natiq borcundan cəmi 1000 manatını qaytardı. Hər dəfə pulumu istəyəndə aramızda münaqişə yaranırdı. 2020-ci il iyulun 22-də qisas almaq üçün, bıçağı götürüb qonşumun evinə yollandım. Darvazadan içəri keçib, bir neçə dəfə Natiqi çağırdım. Lakin cavab verən olmadı. Natiqin gizləndiyini düşünüb, evin arxa tərəfinə keçərək, pəncərədən içəri girdim. Yataq otağında Aygün Müseyibi və üç övladını gördüm. Uşaqlar qorxub, çölə qaçdılar. Qadın yoldaşının evdə olmadığını söylədikdə, əlindən tutub, yumruqla kürəyinə vurdum. Həyətə qaçan qadına çatıb, bıçaqla boynuna zərbə endirdim.
Aygün yenə əlimdən çıxıb, mətbəxə qaçaraq, qapını arxadan bağladı. Buna görə içəri daxil ola bilmədim. 15 dəqiqə sonra Təcili Tibbi Yardım qadını xəstəxanaya, polislər isə məni bölməyə apardılar”.
Aygünün yerə düşən paltarı
Təqsirləndirilən şəxs əlavə edib ki, qonşusunun evinə getməkdə məqsədi Natiq Müseyibi bıçaqlamaq olub, sadəcə həmin vaxt qarşısına arvadı çıxdığından onu vurub. Hadisə vaxtı qadının hamilə olmasını bilməyib, ona qarşı seksual xarakterli hərəkətlər etməyib.
Zərərçəkmiş Aygün Müseyib ifadəsində göstərib ki, qonşusu Abdul Əsgərovu 6 ildir ki, tanıyır. Bacısı Arzu Məmmədova onunla nişanlı olsa da, sonradan psixi problemlərinə görə ondan ayrılıb:
“Ərim Abdulun evini təmir edib və bunun qarşılığında müəyyən məbləğdə pul alıb. Evin xırda təmir işləri qalmağına baxmayaraq, Abdul verdiyi pulun hamısını istədi. İyulun 22-si səhər saat 7 radələrində yoldaşımı işə yola saldım. Yataq otağında övladlarımla yatarkən, səs eşitdim. Çarpayıdan ayağa qalxanda Abdulun pəncərədən evə girdiyini gördüm. Ərimin işdə olduğunu desəm də, Əsgərov çiyinlərimdən tutub, məni çarpayıya itələyib üstümə uzandı. Qışqırıb, müqavimət göstərirdim. Bu zaman uşaqlarımın qorxub, çarpayının baş hissəsinə çəkildiklərini gördüm. Hamilə olduğumu deməyimə baxmayaraq, Abdul başıma zərbə vurdu və mənimlə cinsi əlaqədə olacağını bildirdi. Uşaqları otaqdan çıxartmağıma icazə verməsi üçün ona yalvardım. Əsgərov öz razılığı ilə yanına qayıdacağımı düşünüb, icazə verən kimi övladlarımı götürüb, çölə qaçdım. Darvazadan çıxıb, var-gücümlə qonşumun qapısını döydüm. Bu zaman Abdul arxadan mənə yaxınlaşdı. Səsimə qohumlarım və qonşularım gəlsələr də, Əsgərov bıçaqla mənə zərbələr endirməyə çalışaraq, onların kənara çəkilmələrini tələb etdi. Qolumdan dartıb, özünə tərəf çəkəndə yerə yıxıldım. Alnım dəmir boruya dəydi. Abdul mənə 6 dəfə bıçaq zərbəsi endirdi. Qonşum Əliabbas Abbasov Abdul Əsgərovu sakitləşdirərkən, dərhal darvazadan içəri qaçaraq, mətbəx otağının qapısını arxadan bağladım”.
Hadisə olan ev
Zərərçəkmiş qeyd edib ki, Əsgərov bıçaqla xəsarətlər yetirərkən “onu öldürəcəyini” deyib. Həmçinin ona mane olan bacısı Hənifəni, İnarəni, bacısı qızı Baharı, qardaşı Mehdini və qonşusu Əliabbası da ölümlə hədələyib.
Şahid Natiq Müseyib bildirib ki, iyulun 22-də səhər işə getdikdən sonra qohumlarından biri zəng edərək, Abdul Əsgərovun pəncərədən yataq otağına girərək arvadını bıçaqladığını xəbər verib:
“Evə qayıdanda polis əməkdaşları artıq qonşumu saxlamışdılar, yoldaşımı isə təcili yardım maşını xəstəxanaya aparmışdı. Hadisəyə Abdulla aramızdakı pul məsələsi səbəb olub”.
İstintaq fotosu
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abdul Əsgərov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum olunub.