CİNAYƏT İŞİ
Qısa arayış…
2021-ci il martın 22-də, Novruz bayramında Bakının Xəzər rayonu, Buzovna qəsəbəsindəki evlərdən birində 1985-ci il təvəllüdlü Gülər Salamovanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olur. Polisə bu məlumatı verən isə onun atası, 1960-cı il təvəllüdlü Hacı Ağa Salamov idi. Qızını öldürdüyünü deyən ata hadisə yerində polisi gözləyir.
Dərhal hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları Gülər Salamovanın divanda uzanmış vəziyyətdə meyitini aşkar edirlər. Hadisə yerindən götürülmüş 5 ml qramlıq boş şprisin içərisində, kustar üsulla hazırlanmış heroin izi tapılır.
Gülərə vurulan şpris
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanır.
Araşdırmalarla məlum olub ki, H. A. Salamov 1998-ci ildə qəsdən adam öldürmə maddəsi ilə 9 il, 2014-cü ildə isə narkotiklərin qanunsuz dövriyyəsinə görə, 1 il 6 ay azadlıqdan məhrum edilib.
Lent.az həmin dəhşətli qətlin istintaq materiallarını təqdim edir:
İstintaqla müəyyən edilib ki, martın 22-si saat 19 radələrində Hacı Ağa Salamov qızı Gülər Salamovanı yerə yıxıb və əllərini tutub. Şprisin içərisinə doldurduğu narkotik vasitə olan heroini, inyeksiya yolu ilə övladının sol bazu əzələsinə yeridib. Lakin qızının narkotik vasitənin təsirindən ölmədiyini, müqavimət göstərib, qaçmaq istədiyini gördükdə, əlləri ilə boğazından tutub onu boğaraq öldürüb.
Gülərin meyiti
İş üzrə dindirilmiş Hacı Ağa Salamov bildirib ki, əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə və qəsdən adam öldüyünə görə məhkum olunub. Gülər Salamova onun ilk övladı olub:
“Gülər 2007-ci ildə Eldəniz adlı qohumumuz ilə ailə qurmuşdu, nikahdan 3 övladları var. Təxminən 6-7 il Rusiyada yaşayırdılar, kürəkənim orada ticarətlə məşğul idi. 2015-2016-cı illərdə onlar Bakıya qayıtdılar. 2018-ci ildə Eldəniz yenidən işləmək üçün Rusiyaya getdi. Bundan sonra qızımla əri arasında problemlər yarandı. Hadisədən 1 il əvvəl Gülər Maştağa qəsəbəsində, özəl məktəbəqədər təhsil müəssisəsində tərbiyəçi işləməyə başlamışdı. 2020-ci ilin noyabr ayında qızımın əxlaqsızlıq etdiyini, kiminləsə yaxın münasibət qurduğunu eşitdim. Övladıma dəfələrlə belə hərəkətlər etməməsini, 3 övladı olduğunu, qəsəbədə ailələrini tanıyan insanların haqqımda xoşagəlməz ifadələr işlətdiyini dedim. Lakin Gülər sözlərimə qulaq asmayaraq şəxsi həyatını istədiyi kimi yaşayacağını bildirdi. Qızıma nəzarət etmək üçün həyat yoldaşım və oğlumla birlikdə onun evində qalıb, yaşamağa başladıq. Kənar şəxslərlə münasibətdə olmasın deyə telefonlarını alaraq gizlətdim. 2021-ci ilin yanvar ayında Gülər evdən qaçdı. Bununla bağlı polis şöbəsinə məlumat verdim. Növbəti gün qızım tapıldı. Harada olduğunu soruşanda, Gülər ona qoyduğum qadağalardan bezdiyini, bu səbəbdən sakitləşmək üçün rəfiqəsigildə qaldığını söylədi. Martın 22-də evdə olarkən qızım paltarlarını götürüb, birdəfəlik evdən çıxıb getmək istədiyini dedi. Narkotik maddəni qoluna vursam, bunun təsirindən öləcəyini düşündüm. Həyətdə yerləşən tövlədə 1 qram çəkidə olan narkotik vasitəni alışqanla isidərək, mayeni şprisin içinə çəkib hazır saxladım. Sonra arvadıma qızı ilə təkbətək söhbət etmək istədiyimi və Şüvəlanda yerləşən öz evimizə getməsini istədim. Qonaq otağına keçib şprisi masanın üzərindəki süfrənin altına qoydum. Sonra isə Güləri qonaq otağına çağırdım. Qızımın boğazından tutub, sol qolunu burdum və cəld götürdüyüm şprisi əzələyə vurdum. Əlbəyaxa olduq, Gülər üzümə xəsarət yetirərək, barmaqlarımı dişlədi. Əllərimlə boğazından tutub sıxdım və bir neçə dəqiqədən sonra artıq tərpənmədiyini gördüm. Güləri qonaq otağında yerləşən divana uzatdım və təxminən 2-3 saat yanında oturdum. Saat 23 radələrində “102” xidmətinə zəng edərək, törətdiyim hadisə barədə məlumat verdim və polisə təslim oldum”.
Hacı Ağa Salamov istintaq zamanı
Zərərçəkmiş şəxsin hüquqi varisi Nəzakət Salamova ifadəsində göstərib ki, kürəkəni həm işləri, həm də pandemiya ilə əlaqədar Bakıya gələ bilməyib:
“Buna baxmayaraq hər ay ailəsinə müxtəlif məbləğlərdə pul göndərirdi. 2020-ci ilin payız aylarında qızım maddi ehtiyaclarını ödəyə bilmədiyini, həyat yoldaşının az məbləğdə pul göndərdiyini bildirdi. Buna görə kürəkənimlə əlaqə saxladım və ondan ailəsinə hansı məbləğdə pul göndərməsini dəqiqləşdirdim. Kürəkənimin söylədiyi məbləğlə qızımın dedikləri üst-üstə düşmədiyindən, şübhələnərək övladımı sorğu-sual etdim. Çıxılmaz vəziyyətdə qalan Gülər ərinin göndərdiyi pulları İlkin adlı taksi sürücüsünə borc verdiyini bildirdi. Sonradan qızımın həmin şəxslə yaxın münasibətdə olduğunu öyrəndim. Bir neçə dəfə, gecə saatlarında uşaqlar yatdıqdan sonra İlkini Buzovna qəsəbəsində yerləşən evinə gətirmişdi. Ərim Hacı Ağa bundan xəbər tutduqdan sonra söhbət edərək, Gülərə rəsmi şəkildə boşanmadığını, 3 uşağının olduğunu, onların taleyini düşünməsini və əxlaqlı həyat tərzi sürməsi barədə öyüd-nəsihət verdi. Lakin qızım qəti şəkildə onun sözlərinə əhəmiyyət verməyərək, İlkini sevdiyini və həyat yoldaşından boşanacağını dedi. Gülərə İlkinin onu aldatdığını, borca götürdüyü pulları ələ keçirmək məqsədilə onunla bir yerdə olduğunu söylədim. Qızımı iş yerindən çıxararaq, həyat yoldaşım və oğlumla birlikdə onun evinə köçdük. Çünki İlkin dəfələrlə gecələr qızımgilə gələndə nəvələri zəng edib bu barədə ərimə və mənə xəbər verirdilər. 2021-ci ilin yanvar ayında qızım evdən qaçdı. Bir gecə İlkinin yanında qaldıqdan sonra səhər tezdən ərim Güləri evə gətirdi. 2-ci dəfə martın 16-da qaçaraq, bir həftə geri qayıtmadı. Kürəkənim arvadının evdən qaçdığını bilib, uşaqları əmisi arvadının yanına göndərdi”.
Hacı Ağa Salamov istintaq zamanı
N. Salamova martın 22-də ərinin tapşırığı ilə Şüvəlan qəsəbəsindəki evlərinə gedib. Bir müddətdən sonra Hacı Ağa zəng edərək, Güləri öldürdüyünü bildirib.
Şahid İlkin Bayramov ifadəsində özəl şirkətdə menecer vəzifəsində işlədiyini göstərib. 2020-ci ilin may ayında taksi fəaliyyəti ilə məşğul olarkən Gülər Salamovanı sifariş əsasında Maştağa qəsəbəsində yerləşən tədris mərkəzindən yaşadığı ünvana aparıb:
Gülərin telefonu
“Bundan sonra bir neçə dəfə də sifariş əsasında onu lazım olan yerlərə aparıb-gətirmişəm. Aramızda yaxın münasibət yaranarkən Gülər mənə boşandığını və 3 övladı olduğunu demişdi. Maddi imkanım yaxşı olmadığından Gülər anasının dayısıqızından və digər qohumlarından müxtəlif vaxtlarda 18.000 manata yaxın borc pul alaraq, mənə vermişdi. Kripto aksiyalara 1000 manat pul qoymuşdum. 2020-ci ilin noyabr ayında borcu gec ödədiyinə görə, qohumu gəlib hər şeyi Gülərin valideynlərinə danışıb. Həmin söhbətdən sonra qadının rəsmi boşanmadığını, ərinin Rusiyada yaşadığını bildim. 2021-ci ilin yanvar ayında Gülər evdən qaçdı. Polis idarəsindən zəng edən əməkdaşa bundan məlumatı olmadığımı dedim. Növbəti gün şəhərə gedərkən, Mərdəkan qəsəbəsində yol kənarı ilə qadının piyada getdiyini gördüm. Dayanıb Güləri maşına əyləşdirdim və aparıb atasına təhvil verdim. Qadın valideynlərinin ona təzyiqlər göstərdiyini, buna görə evdən qaçaraq, rəfiqəsigildə qaldığını söylədi. Axırıncı dəfə, martın 16-da Gülər zəng edib, atasının onu döydüyünü, bu səbəbdən polis şöbəsinə ərizə yazmağa getdiyini demişdi”.
Hadisə baş verən mənzil
Şahid əlavə edib ki, qadının evində heç vaxt gecələməyib. Bir neçə dəfə o, evə bazarlıq edərkən torbaları aparmaqda Gülərə köməklik edib. Gülər əxlaqsız həyat tərzi sürməyib, işləyərək, məvacib alıb və uşaqlarına baxıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hacı Ağa Salamov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.