Bakıda ŞOK CİNAYƏT:  Həkimi öldürüb su quyusuna atdılar - TƏFƏRRÜAT
12 may 2022 20:15 (UTC +04:00)

Bakıda ŞOK CİNAYƏT: Həkimi öldürüb su quyusuna atdılar - TƏFƏRRÜAT

CİNAYƏT İŞİ 

Qısa arayış…

2019-cu il oktyabrın 16-da 1987-ci il təvəllüdlü Elvin Həbibzadənin idarə etdiyi BMW markalı avtomobillə birgə yoxa çıxması ilə bağlı Binəqədi rayon Polis İdarəsinə müraciət daxil olur. Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilir, E. Həbibzadənin ailə üzvləri və yaşadığı Biləcəri qəsəbəsindəki qonşuları dindirilir. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində avtomobil oktyabrın 22-si paytaxtın Qaradağ rayonu Qızıldaş qəsəbəsində təmir sexində tapılır. Avtomobilə baxış keçirilərkən maşının içərisində qan ləkələri aşkarlanır...

Əməliyyatın davamı olaraq həyata keçirilən tədbirlər nəticəsində iki nəfər - Səbuhi Ələkbərov və Rəşad Fətullayev şübhəli şəxs qismində saxlanılırlar. Dindirilmə zamanı onlar etiraf ediblər ki, E. Həbibzadəni öldürərək Xəzər rayonu Türkan qəsəbəsindəki quyuya atıblar. FHN-in xilasediciləri həmin quyudan E. Həbibzadənin çürümüş meyitini aşkar edərək çıxarıblar.

Elvinin morqdakı meyiti

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanır.

Lent.az dəhşətli cinayət hadisəsinin istintaq materiallarını əldə edib:

İstintaqla müəyyən edilib ki, oktyabrın 14-ü saat 23 radələrində 1991-ci il təvəllüdlü Səbuhi Ələkbərov Elvin Həbibzadəni narkotik almaq adı ilə aldadaraq onun idarə etdiyi BMW markalı avtomobil ilə Sahil qəsəbəsinə aparıb. Yolda Elvin avtomobili saxlayıb, mağazaya gedərkən Səbuhi bacanağı Rəşad Fətullayeva zəng edərək, görüşmək istədiyini deyib. Qəsəbəyə çatdıqdan sonra Səbuhi Elvinə maşında gözləməsini, narkotik alıb, gələcəyini deyib. Rəşadla yaşadığı Emin Quliyev küçəsində görüşüb. Səbuhi burada Elvinin onun arvadı Sonaya qarşı etdiyi əxlaqsız təkliflər haqda Rəşada danışıb, onu qətlə yetirmək istədiyini bildirib. Avtomobilin yanına qayıdıblar. Səbuhi ön, Rəşad isə sürücü tərəfdən arxa oturacaqda əyləşiblər. Elvinə başqa yerdən narkotik alacağını deyən Səbuhi maşını qəsəbənin Balıqçılar küçəsinə sürməsini tapşırıb. Ayın 15-i gecə saat 1 radələrində o, Elvinin qollarından tutub, hərəkət etməsinə imkan verməyib. Bu zaman Rəşad kəsici dərzi aləti ilə Elvinin boynuna 3 dəfə vurub. Kəskin qanitirmədən halsızlaşan Həbibzadəni arxa oturacağa keçiriblər. Sükan arxasında əyləşən Səbuhi yolda Elvinin kəlimeyi-şəhadət söyləməsini eşidib, nəqliyyat vasitəsini saxlayıb. Arxaya çönüb, səsi kəsilənə qədər əlləri ilə ağzını sıxaraq, Rəşad Fətullayevlə birlikdə onu öldürüblər.

Elvin Həbibzadə

İş üzrə dindirilmiş Səbuhi Ələkbərov bildirib ki, Biləcəri qəsəbəsində yerləşən evin 2-ci mərtəbəsində həyat yoldaşı Sona Ələkbərova və iki azyaşlı uşağı ilə birlikdə yaşayıb. Birinci mərtəbədə valideynləri və qardaşı ailəsi ilə qalıb:

“2005-ci ildə orta məktəbin 9-cu sinfini bitirəndən sonra tikintidə fəhlə, sonra "Azəravtoyol” MMC-də texniki qrup rəhbəri işləmişəm. 2019-cu ilin avqust ayından fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olurdum. Rəşad Fətullayev arvadımın bacısı ilə evlənib və biz Qaradağ rayonun Sahil qəsəbəsində yaşamışıq. Elvin Həbibzadə ailəsi ilə birlikdə 2000-ci ildə qonşuluğumuza köçüb. Elvin Biləcəri qəsəbəsində obyekt icarəyə götürərək stomatoloji kabinet işlədirdi. Son 3-4 ay ərzində mütəmadi mənimlə görüşüb, çay evlərində vaxtımızı keçirirdik. Elvin Çiçək adlı xanımla ailə qurmuşdu, nikahdan 2 övladları olsa da, onlar bir müddətdən sonra boşanmışdılar. Həbibzadə tez-tez evimizə gəlib-getdiyindən ailə üzvlərimizi tanıyırdı. 2019-cu il oktyabrın 1-də avtomobil gətirmək üçün Gürcüstana getdim və 13 gündən sonra Bakıya qayıtdım. Yoldaşımı narahat görüb, nə baş verdiyini soruşdum. Yoldaşım dedi ki, uşaqları bağçaya apararkən Elvin qarşısını kəsib “səndən xoşum gəlir, ona layiq deyilsən, götür sənədləri gedək xaricə” deyib. Sona xahiş edib ki, bu barədə Elvinə heç nə deməyim. Oktyabrın 14-də axşam Elvin zəng edib, görüşmək istədiyini dedi. Saat 22 radələrində evin qarşısında onun BMW markalı avtomobilinə əyləşəndə, Elvin “qəsəbədə kimdən metamfetamin ala biləcəyimizi?” soruşdu. Sahil qəsəbəsini yaxşı tanıdığım üçün və orada heç kimin bizi görə bilməyəcəyini düşündüyümə görə Elvinə ora getməyi təklif etdim. O, siqaret və su almaq üçün marketə gedəndə, Rəşada zəng edib, yoldaşımın danışdığı söhbəti ətraflı ona danışdım. Bacanağıma Sahil qəsəbəsinə gələcəyimizi söylədim. Gecə saat 1 radələrində Rəşadın yaşadığı 3 mərtəbəli binanın qarşısına çatdıq. Elvin avtomobili binanın arxasında saxladı. Maşından düşüb, blokun qarşısında Rəşadla görüşdüm. Qohumumun əlində “dərzi” qayçısı vardı. Avtomobilə əyləşəndə Rəşad Elvinlə salamlaşdı. Elvinə “metamfetamin yoxdur, Rəşad da qabaqda düşəcək, sür gedək” dedi. Balıqçılar küçəsində Həbibzadədən avtomobili kənarda saxlamasını tələb etdim. Arvadıma etdiyi təkliflə bağlı iradımı bildirəndə aramızda mübahisə yarandı. Elvin qapının saxlanc yerindən götürdüyü açılıb-qatlanan bıçaqla məni vurdu, sol qolumdan yaralandım. Qolumdan qan axmağa başladı. Elvinin arxasında əyləşən Rəşad qayçı ilə onun boynuna zərbələr endirdi. Sonra Elvini arxa oturacağa keçirdik. Maşını özüm sürdüm. 5-10 dəqiqədən sonra Elvinin “Kəlimeyi-şəhadət” deməsini eşidib, 1-2 dəqiqə əlimlə ağzını sıxdım. Bundan sonra onun öldüyünü hiss etdim”.

Səbuhi Ələkbərov

Daha sonra onlar avtomobillə Rəşadın anasının yaşadığı evin yanına gəliblər. Hər ikisinin paltarı qana bulaşıbmış. Bacanağı “gözləməsini, küçədəki işığı yandırıb, söndürdükdən sonra onun da gəlməsini” deyib. Çimdikdən sonra, səhər saat 4-5 arası evdən çıxıblar. Səbuhi Rəşada təklif edib ki, meyiti Türkan qəsəbəsi, Qasım İsmayılov küçəsindəki, mərhum babasına məxsus torpaq sahəsində, su quyusuna atsınlar:

“Bacanağım razılaşandan sonra maşını həmin istiqamətdə sürdüm. Saat 6 radələrində Türkan qəsəbəsinə çatdıq. Köməkləşib meyiti arxa oturacaqdan götürüb, yerə sərdiyimiz yataq örtüyünün üzərinə, sonra isə gətirib, quyuya atdıq. Rəşad dedi ki, avtomobili sürüm və onu Biləcəri qəsəbəsində, münasib bir yerdə düşürüm. Sonra isə avtomobili məhv etməliydim. Evə gələndə artıq saat 8 idi. Arvadım uşaqlarını bağçaya apardığı üçün oyaq idi, digər ailə üzvlərim yatmışdı. Qolumdakı xəsarəti yalnız yoldaşım gördü, ona yalnız bir nəfərlə dalaşdığımı dedim. Bundan sonra Rəşadla əlaqə saxlamadım. 6-cı Polis Bölməsinə dəvət edildikdə Rəşadla birlikdə Elvinin meyitini su quyusuna atdığımı etiraf etdim. Cinayətin törədilməsində istifadə edilən dərzi qayçısını, eləcə də Elvinin bıçağını Rəşad Türkan qəsəbəsinə gedəndə, xatırlamadığı yerdə atmışdı. Mərhumun telefonunu söndürüb, pəncərədən tullamışdım. Hadisə baş verən gün narkotik vasitə və psixotrop maddə qəbul etməmişəm. Hadisədən əvvəl, müxtəlif vaxtlarda Elvin Həbibzadə ilə marixuana çəkmişik”. 
İkinci dəfə dindirilən Səbuhi Ələkbərov verdiyi ifadəsindən fərqli olaraq bildirib ki, oktyabrın 14-ü saat 19 radələrində həyat yoldaşının dişi ağrıdığı üçün Elvinin yanına aparıb. Saat 23 radələrində qonşusu Qulam zəng vurub, xahiş edib ki, küçəyə çıxsın. Çölə çıxanda bilib ki, Qulam Elvinin xahişi ilə ona zəng edib. Bundan sonra narkotik almaq məqsədi ilə Sahil qəsəbəsinə gediblər və orada bu zəmində mübahisə edərkən, Rəşadla birlikdə Elvini öldürüblər. Hadisədən sonra fikirləşiblər ki, əgər Həbibzadəni, arvadına sataşdığına görə qətlə yetirdiklərini söyləsələr, cəzaları yüngül olar. Arvadına, Elvinin ona sataşdığını söyləməsini, ilkin ifadəsinə uyğun məzmunda ifadə verməsini deyib. Sona Ələkbərova da onu müdafiə etmək üçün dedikləri ilə razı olub və istədiyi ifadəni verib.

Rəşad Fətullayev

Təqsirləndirilən Rəşad Fətullayev bildirib ki, Elvin Həbibzadənin Sona Ələkbərovaya sataşmasını qətldən sonra özləri uydurublar. Həbs olunsalar Səbuhi söz verib ki, ümumiyyətlə onun adını çəkməyəcək:

“Plana uyğun olaraq Elvin Həbibzadəyə məxsus avtomobili hissələrə ayırmaqla, satmaq istəyirdim. Ayın 15-də BMW markalı avtomobildən çıxardığım nömrələri özümə məxsus 01-CA-482 dövlət qeydiyyat nişanlı “Opel” markalı maşının üzərinə taxdım. 1-2 gündən sonra BMW-ni Qızıldaş qəsəbəsinə apardım. Ustalara dedim ki, avtomobilin etibarnamə müddəti bitdiyi üçün xeyli cərimələnmişəm. Buna görə maşını hissələrə bölüb, satmaq istəyirəm. Ustalar vaxtları olmadığını və 1-2 saatdan sonra gəlməyimi istədilər. Maşının ön və arxa faralarını, yan güzgülərini söküb, yük yerinə qoydum. Mobil telefonla Səbuhi ilə əlaqə saxlayanda, hadisə barədə danışmadıq”.

Elvinin avtomobili

Zərərçəkmiş şəxsin hüquqi varisi Nazim Həbibov ifadəsində göstərib ki, oğlu Elvin Həbibzadə heç vaxt narkotik vasitələrdən istifadə etməyib. Bu ağır cinayət yalnız tamah məqsədi ilə törədilib:

“Oğlum 2008-ci ildə Çiçək Əskərova ilə ailə qurub, nikahdan 2 övladları olub. Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, 11 ünvanında yaşayıb. 2019-cu ilin avqust ayında, Elvinin avtomobilini bir neçə gün davamlı olaraq qonşuluqda yaşayan Tərlan Ələkbərovun qapısının qarşısında görürdüm. Sonra məlum oldu ki, Elvinlə həyat yoldaşı arasında narazılıq yaranıb, buna görə də oğlum Tərlan Ələkbərovun evinin bir otağında kirayədə yaşayır. Sentyabrın 15-də Elvin Çiçəklə barışaraq, öz evində qalmağa başladı. Oktyabrın 15-də qudam zəng edərək Elvinin gecə evə gəlmədiyini və telefonuna zəng çatmadığını dedi. Səhəri gəlinim “102” xidmətinə zəng edərək, ərinin itkin düşməsi haqda məlumat verdi. Həmin gün 6-cı Polis Bölməsində Səbuhi Ələkbərovla söhbət edəndə o bildirdi ki, ayın 14-də gecə Elvin və “Goqo” ləqəbli tanışı ilə Sahil qəsəbəsində avtomobildə narkotik qəbul ediblər. Səhərə yaxın isə Elvin onu Binəqədi yolunda, Daş bazarı adlanan yerdə düşürərək, çıxıb gedib. Hər gün polis əməkdaşları ilə birlikdə oğlumun maşınını axtarırdıq. Səbuhi hər dəfə Gürcüstana getməli olduğunu, orada iş tapdığını, lakin Elvin itkin düşdüyünə görə, ölkədən kənara çıxa bilmədiyini söyləyərək, gileylənirdi. Oktyabrın 22-də oğlum Elçin zəng edərək Elvinin avtomobilini Qızıldaş qəsəbəsində, təmir sexinin qarşısında tapdığını dedi. Polis əməkdaşları maşına baxış keçirərək, salonda qan izləri aşkar etdilər. Bundan sonra Rəşad Fətullayev bölməyə gətirilib və sorğu-sual olunub. Oktyabrın 25-də Rəşadla Səbuhinin oğlumu öldürdüklərini bildim. Elvinin meyiti Türkan qəsəbəsində, quyudan tapıldı”.

Elvinin cəsədinin atıldığı quyu

Nazim Həbibov qeyd edib ki, Səbuhi Ələkbərov və Rəşad Fətullayev oğlunu avtomobilində və üzərində olan pulları ələ keçirməkdən ötrü qətlə yetiriblər.

Şahid Sona Ələkbərova ifadəsində göstərib ki, 2019-cu ilin iyun-iyul aylarında Səbuhi Elvini, həyat yoldaşı ilə dalaşdığı və ona yazığı gəldiyi üçün yaşadıqları evə gətirib. Birinci mərtəbədə bir otaq boş olduğuna görə Elvin müvəqqəti orada qalıb:

“Dişlərimin müalicəsi üçün Elvinin stomatoloji kabinetində 4 dəfə oldum. Axırıncı dəfə Elvinin yanına oktyabrın 14-ü ərimlə birlikdə getdik. Ayın 20-də ya 21-də ailəvi Gürcüstana getmək üçün Zaqatalaya getdik və bir gün qohumlarımızgildə qaldıq. Növbəti gün Səbuhini yenidən polis bölməsinə çağırdılar və yoldaşıma ölkəni tərk etmək qadağan edildi. Ona görə də geri qayıtdıq. Oktyabrın 22-də Səbuhidən 6 gün əvvəl itkin düşən Elvinin avtomobilinin tapıldığını eşitdim. Ayın 24-də 6-cı polis bölməsindən qayıdan yoldaşım Elvinin öldüyünü, gələcəkdə ifadə alınanda Elvinin mənə əxlaqsız təkliflər etdiyini deməyimi istədi. Ona görə də ilk dəfə dindiriləndə yalan ifadə verdim. Oktyabrın 25-də Səbuhi ilə Rəşadın Elvini öldürüb, meyitini Türkan qəsəbəsində quyuya atdıqlarını eşitdim”.

Meyitin atıldığı ərazi

Şahid Çiçək Əsgərova ifadəsində göstərib ki, əri Elvin ixtisasca diş həkimi olduğuna görə Biləcəri qəsəbəsində obyekt icarəyə götürərək, orda stomatoloq işləyib:

“2017-ci ilin mart ayında rəsmi qaydada boşansaq da, yenə də bir yerdə yaşayırdıq. 2019-cu il oktyabrın 25-də məlum oldu ki, Elvini Səbuhi ilə Rəşad öldürüblər. Ayın 14-də yoldaşım evdən çıxanda, üzərində nə qədər pul olduğunu bilmirdim. Elvinin narkotikdən istifadə etdiyini görməmişəm və heç vaxt bundan şübhələnməmişəm”.

Meyitin atıldığı quyu

Məhkəmə-narkoloji ekspertizasının rəyindən görünüb ki, Səbuhi Ələkbərov və Rəşad Fətullayev çətənə bitkisi preparatlarından istifadə ediblər. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə Səbuhi Ələkbərov və Rəşad Fətullayev hər biri 17 il müddətinə azadlıqdan məhrum olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18189
avatar

Mehman Nəbiyev

Oxşar yazılar